Xəzər Xəbər

"OPEC+" bu ilin sonunadək neft hasilatını daha 1,5 mln. barel azalda bilər

İqtisadiyyat | 09:50 • 6 Mart 2020
"OPEC+" bu ilin sonunadək neft hasilatını daha 1,5 mln. barel azalda bilər

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələri qurumun rəsmi iclasından sonra "OPEC+" təşəbbüsü (OPEC və qeyri-OPEC ölkələrini əhatə edən) çərçivəsində bu ilin sonunadək gündəlik neft hasilatını daha 1,5 mln. barel azaldılmasını tövsiyə edib.


Bu barədə "APA-Economics" OPEC-ə istinadən xəbər verir.


"Bazarın inkişafı ilə əlaqədar və cümə axşamı günü keçirilən OPEC-in 178-ci fövqəladə iclasından sonra OPEC konfransının nümayəndə heyətləri başçıları əlavə məsləhətləşmələr aparıblar və bu ilin iyunun 30-dək deyil, ilin sonuna kimi neftin istehsalını daha 1,5 mln. barel azaldılmasını tövsiyə edib", - məlumatda qeyd edilir.


Məlumata əsasən, müşavirələr, mövcud bazar şəraitinin monitorinqi və davamlı təhlili OPEC-ə üzv olan ölkələrin neft bazarlarında sabitliyi bərpa etmək üçün birgə səylərə sadiqliyini nümayiş etdirir.


Xatırladaq ki, "OPEC+" Texniki Komitəsi iştirakçı ölkələrə koronavirusun (COVID-19) təsirini aradan qaldırmaq məqsədi ilə bu ilin II rübü üçün gündəlik neft hasilatını əlavə 1 mln. barel azaltmağa tövsiyə edib. Komitə neft hasilatının azaldılması üzrə mövcud kvotanın 2020-ci ilin sonunadək uzadılmasını nəzərdən keçirməyi də tövsiyə edib.



Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyana şəhərində OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 8-ci görüşü keçiriləcək. Azərbaycanı sözügedən tədbirdə ölkənin Energetika naziri Pərviz Şahbazov təmsil edəcək.


Əlavə etmək lazımdır ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da "OPEC+" üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi "OPEC+" ölkələri arasında proporsional qaydada aparılıb.


Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

Xəbər lenti