Bu gün Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 178-ci iclası keçiriləcək.
Xezerxeber.az xəbər verir ki, iclasda "Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində ötən ilin dekabrında gündəlik neft hasilatının daha da azaldılmasından ötən müddətdə qlobal bazarda baş verən dəyişikliklər, tələb-təklif tarazlığının mövcud vəziyyəti, ilin əvvəlindən "qara qızıl”ın qiymətindəki kəskin ucuzlaşma, koronavirusun enerji bazarına təsirləri və bununla bağlı atılacaq addımlar əsas müzakirə mövzusu olacaq. İclasda OPEC-ə üzv 14 ölkənin enerji və neft nazirlərinin iştirakı nəzərdə tutulur.
Görüşdən sonra bəzi nazirlər jurnalistlərin suallarını cavablandıracaqlar.
Sabah isə OPEC və qeyri-OPEC ölkələri ("OPEC+”) nazirlərinin 8-ci görüşü, sonra isə mətbuat konfransı keçiriləcək. İclasda Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.
Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə "OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.