OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin ("OPEC+”) Birgə Monitorinq Komitəsinin (JMMC) 18-ci iclasında neft hasilatının daha da dərinləşdirilməsi üzrə Rusiyanı razı salmaq mümkün olmayıb.
Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, iclasda neftin qiymətinin ucuzlaşmasının qarşısının azılması məqsədilə hasilat məhdudiyyətlərinin daha da dərinləşdirilməsi barədə razılıq əldə edilməyib.
Mənbələr Rusiyanın martın sonunda bitəcək mövcud sazişin müddətinin ikinci rübün sonuna qədər uzadılmasını müdafiə etdiyini bildirib. Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi OPEC ölkələri isə neft hasilatının azaldılmasını gündəlik 1-1,5 milyon barrelə qədər dərinləşdirməyin tərəfdarıdır.
Qeyd edək ki, bu gün Vyanada OPEC Nazirlər Şurasının 178-ci iclası, sabah isə "OPEC+” ölkələrinin nazirlərinin 8-ci görüşü keçiriləcək.
Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə "OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.