Xəzər Xəbər

Qazaxıstan koronavirusla bağlı iki limanı Azərbaycan gəmiləri üçün bağlayıb

İqtisadiyyat | 11:25 • 4 Mart 2020
Qazaxıstan koronavirusla bağlı iki limanı Azərbaycan gəmiləri üçün bağlayıb

Koronavirusun (2019-nCoV) yayılmasının qarşısının alınması məqsədilə martın 5-dən Qazaxıstan Xəzər dənizindəki Aktau və Kurık limanlarına xaricdən gələn gəmilərin daxil olmasını dayandırır.


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) xezerxeber.az-a verilən məlumata görə, bununla bağlı Qazaxıstan tərəfi Xəzər dənizində gəmiçilik fəaliyyəti ilə məşğul olan şirkətləri, o cümlədən ASCO-nu məlumatlandırıb.


Məlumata görə, qərara əsasən, sərnişin, sürücü, vaqon bələdçiləri və təkərli texnikaların ölkəyə daxil olması qeyri-müəyyən müddətədək təxirə salınıb. Bərələrlə vaqon daşımaları isə həyata keçirilməkdə davam etdiriləcək.

Bununla əlaqədar olaraq, ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı dayandırılıb. Məhdudiyyət aradan qaldırıldıqdan sonra bu barədə əlavə məlumat veriləcək.


Qeyd edək ki, koronavirusla bağlı ASCO əks-epidemik profilaktik tədbirlər həyata keçirir. Şirkətin balansında olan gəmilərdə, struktur idarələrdə mütəmadi aparılan dezinfeksiya işləri gücləndirilib. Profilaktik tədbirlər çərçivəsində Qazaxıstan və Türkmənistan istiqamətində üzən bərə gəmiləri (13 bərə, 2 Ro-Ro) əlcək, respirator, eynək, kombinezon kimi qoruyucu vasitələr və məsafədən hərarət ölçən cihazlarla təmin olunub.

Xəbər lenti

Çox oxunanlar