Qars-İqdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsinin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının ixrac imkanlarını artıracaq və Naxçıvanı bölgənin mühüm tranzit mərkəzinə çevirəcək. Bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda, Fars körfəzi ölkələri ilə birləşdirəcək. Bu, həm də Dəmir İpək Yolunun bərpası deməkdir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bunu fevralın 25-də Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanan "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İqdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”na münasibət bildirən "Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev bildirib.
Mahir Əliyev qeyd edib ki, bu layihənin həyata keçirilməsi ilə Naxçıvanın ixrac potensialı xeyli artacaq. Naxçıvan məhsullarının post-sovet ölkələrinə, eləcə də Avropa və Asiya ölkələrinə rahat və birbaşa çıxışı təmin ediləcək. Hazırda muxtar respublikada minə yaxın çeşiddə məhsul istehsal olunsa da, onların bazara çıxış problemi var. Bu problemin əsasını da blokada da olan Naxçıvanın nəqliyyat daşımalarındakı sıxıntıları təşkil edir.
Onun sözlərinə görə, Sovetlər Birliyi dönəmində Naxçıvanın daş duzu, mineral suları, konserv və kənd təsərrüfatı, yüngül sənaye və digər ixracyönümlü məhsulları dəmir yolu vasitəsilə daşınıb. Təkcə post-sovet ölkələrinə gün ərzində min tona yaxın daş duz məhsulları və bir milyon butulka mineral su göndərilirdi. Hazırda da bu məhsullara, eləcə də Naxçıvanın daş və travertin, həmçinin sement və digər məhsullarına tələbat böyükdür. Qars-İqdır-Naxçıvan dəmir yolu layihəsinin icrası bu mənada muxtar respublika büdcəsinə böyük həcmdə vəsaitin daxil olmasına səbəb olacaq. Layihə, həmçinin mədənçilik, metallurgiya, maşınqayırma kimi vacib sahələrin də inkişafına təkan verəcək.
Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru deyib ki, hazırda Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolları işlək vəziyyətdədir. Layihə çərçivəsində muxtar respublikada da dəmir yollarının müasir ikiizli dəmir yolu sisteminə keçirilməsi, yeni işarəvermə və elektrik sistemlərinin, həmçinin digər infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Bu, yük və sərnişin daşınmasını ən müasir səviyyəyə yüksəldəcək. Həmçinin, soyuducu vaqonlardan istifadə etməklə muxtar respublikanın ekoloji təmiz və orqanik məhsulları dünya bazarına rahatlıqla çıxarılacaq. Tranzit imkanların artması Sovet dövründə də xeyli inkişaf etmiş məşhur Ordubad ipəkçiliyinin şöhrətini özünə qaytaracaq. Layihə Naxçıvanda turizmi də xeyli canlandıracaq.