Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Katibliyi OPEC+ neft istehsalının azaltması üzrə təşəbbüsündə iştirak edən ölkələrə 5-6 mart tarixlərində nazirlər görüşündə iştirak üçün rəsmi dəvət göndərib.
"APA-Economics"in məlumatına görə, bu barədə TASS iştirakçı nümayəndə heyətlərində olan mənbələrə istinadən xəbər verir.
Qeyd edək ki, OPEC+ Ekspert Texniki Komitəsi (bu ilin 4-6 fevralda keçirilən təcili yığıncağı nəticəsində) iştirakçı ölkələrə Çində yayılan yeni koronavirusun (COVID-19) təsirini aradan qaldırmaq məqsədi ilə gündəlik neft hasilatını bu ilin axırına kimi daha 600 min barel azaltmağı tövsiyə edib. Bundan əlavə OPEC+ təşəbbüsündə istirak edən olkələrin növbədən kənar nazirlər görüşünün keçirilə biləcəyi barədə müzakirələr aparılırdı.
Məlumata əsasən, OPEC+ çərçivəsində nazirlər görüşün keçirilməsi evvəlcədən 5-6 mart 2020-ci il tarixinə planlaşdırılmışdı.
Xatırladaq ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.
Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.