"Bu gün Bakıda E-kommersiya Forumu keçirilir. Belə tədbirin keçirilməsi müsbət hal olsa da, hələ ki elektron ticarətin ümumi ticarətdə payı 1 faizə belə çatmır. Bu isə ondan xəbər verir ki, bu sahədə daha sistemli və kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.
XəzərXəbər xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD), iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.
Ekspert bildirib ki, Azərbaycan elektron ticarəti vergiyə cəlb edən az sayda dövlətlərdən biridir: "Hətta elmi məqalə işləmək üçün elektron proqram alınanda da əlavə dəyər vergisi (ƏDV) ödənilir. Beyin mərkəzinin internet səhifəsinin hostinqi üçün internet üzərindən ödənişlər edən zaman belə 18 faiz ƏDV tutulur. Halbuki, bu tip elektron ödənişlər əksər inkişaf etmiş ölkələrdə bütün vergilərdən azaddır. Bunun səbəbidir ki, son illər elektron xidmətlərdən istifadə edən müştərilərin xeyli hissəsi Gürcüstanda özlərinə bank hesabı açırlar”.
Bayramovun sözlərinə görə, elektron ticarətin inkişafına əngəl olan digər faktor elektron infrastrukturun tam olaraq inkişaf etməməsidir: "Xüsusən də, post-terminalların işləməməsi və xidmət sektorunda sahibkarların elektron ödənişlərə marağının az olması halları var. Banklara olan inamsızlıq da elektron ticarətin inkişafına mane olur”.
Bu baxımdan CESD təklif edir ki, ABŞ da daxil olmaqla, əksər ölkələrdə olduğu kimi Azərbaycanda elektron ticarət dolayı vergidən, yəni ƏDV-dən azad olunsun: "Post-terminalların istifadəsi ilə bağlı şərtlər və nəzarət təkmilləşdirilsin. Ən əsas məqamlardan biri, cari hesablarda olan vəsaitlər də dövlət tərəfindən sığortalansın ki, vətəndaş plastik kartında vəsait saxlamaqda tərəddüd etməsin. Elektron ticarətin inkişafı yalnız sistemli islahatlar nəticəsində mümkün ola bilər”.