Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2682,4 min və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, gələnlərin 29,8 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 9,8 faizi Türkiyə, 8,2 faizi İran, 3,7 faizi Səudiyyə Ərəbistanı, 2,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Hindistan və Ukrayna, hər birindən 1,7 faiz olmaqla İraq və Türkmənistan, 1,6 faizi İsrail, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,1 faizini kişilər, 33,9 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-oktyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96,5 faiz), Hindistan (66,5 faiz), Çin (64,2 faiz), Misir (62,5 faiz), Səudiyyə Ərəbistanı (43,7 faiz), Malayziya (41,3 faiz), Filippin (36,6 faiz), Polşa (32,7 faiz), Macarıstan (31,4 faiz), İspaniya (28,9 faiz), Özbəkistan (26,1 faiz), Qazaxıstan (24,1 faiz), Böyük Britaniya (23,7 faiz), Almaniya (21,3 faiz), Gürcüstan (21,2 faiz) və Cənubi Koreya (20,3 faiz) vətəndaşları arasında qeydə alınıb.
2019-cu ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22,3 faiz artaraq 121,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,2 faiz artaraq 974,2 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,0 faizi dəmir yolu və avtomobil, 41,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.
Cari ilin on ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz artaraq 4653,9 min nəfər olub. Ölkə vətəndaşlarının 36,5 faizi İrana, 28,8 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,6 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,5 faiz, Gürcüstana gedənlərin sayı 12,9 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,5 faiz artıb.
Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,3 faizi dəmir yolu və avtomobil, 17,0 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.