Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı sentyabrda son 10 ilin ən aşağı səviyyəsinə düşüb.
Kartel üzrə neft hasilatı sentyabrda gündəlik orta hesabla 28,49 milyon barrelə geriləyib. Bu, 2009-cu ilin fevralından bəri ən aşağı səviyyədir.
Sentyabrda OPEC-in ən böyük neft istehsalçısı və dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanında hasilat kəskin azalıb. Buna səbəb ölkənin milli neft şirkəti "Saudi Aramco”ya məxsus 2 neft obyektinə təşkil edilən hücumlar olub. Bu səbəbdən, ölkənin gündəlik xam neft hasilatında qlobal neft tədarükünün təqribən 6 faizini təşkil edən tədarük çatışmazlığı yaşanıb. Belə ki, Səudiyyə Ərəbistanının neft hasilatı sentyabrda sutkalıq 8,6 milyon barrelə düşüb və bu, 2007-ci ilin mayından indiyədək ən aşağı göstəricidir.
Kartelə üzv digər ölkələrdə də neft istehsalı azalıb. OPEC-in xam neft hasilatının sentyabrda son 10 ilin ən aşağı səviyyəsinə enməsində Səudiyyə Ərəbistanı ilə yanaşı, digər üzv ölkələrin də payı olub. Belə ki, dünyanın ən böyük xam neft ehtiyatlarına malik Venesuelada son illərdə yaşanan iqtisadi çətinliklər ölkənin neft sənayesində böyük problemlərə səbəb olub. OPEC hesabatlarına görə, Venesuelada gündəlik neft istehsalı sentyabrda keçən ilin eyni ayındakı göstərici - 1,2 milyon barrelə nisbətdə 46 faiz azalaraq 644 min barrelə enib.
Digər tərəfdən, 2018-ci ilin noyabrında ABŞ-ın tətbiq etdiyi sanksiyalar fonunda neft ixracında çətinliklər yaşayan İranın gündəlik neft hasilatı da sentyabrda ötən ilin eyni ayına görə 37 faiz azalaraq 2,16 milyon barrelə düşüb.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, ötən ilin sentyabrında sutkada 100,3 milyon barrel olan qlobal neft tədarükü bu ilin eyni ayında 99,3 milyon barrelə geriləyib. Həmin dövrdə OPEC-in sutkalıq neft hasilatı da 32,76 milyon barreldən 28,49 milyon barrelə enib. Rusiyanın gündəlik neft istehsalı isə eyni dövrdə 11,36 milyon barreldən 11,24 milyon barrelə düşüb.
Bütün bunlara baxmayaraq, qlobal bazardakı tədarük çatışmazlığının bir hissəsi ABŞ-da artan şist nefti hesabına kompensasiya edilib.
ABŞ Enerji İnformasiya İdarəsinin məlumatına görə, sentyabrda ölkənin gündəlik neft istehsalı illik müqayisədə 1 milyon barrel artaraq 12,5 milyon barrelə çatıb.
Ötən ilin sonunda sutkalıq neft istehsalına görə Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyan ABŞ hazırda bu sahədə dünya lideridir. (AZƏRTAC)