Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədovanın müəllimlərin əmək haqlarının orta hesabla 25 faiz, işçilərin maaşının isə 20 faiz artırılması barədə əmri universitetin kollektivi tərəfindən məmnunluqla qarşılanıb.
AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyəti kafedrasının müdirü professor İslam Mustafayev: - Ölkənin həyata keçirdiyi davamlı inkişaf konsepsiyasına uyğun olaraq təhsil sahəsində aparılan ardıcıl islahatlar son nəticədə həm təhsilin keyfiyyətini, aparılan elmi -tədqiqat işlərinin maddi-texniki bazasını, həm də pedaqoji kollektivlərin sosial vəziyyətini yaxşılaşdırmaqdadır. Ölkə prezidentinin göstərişi ilə təhsilin keyfiyyətinin yaxşılaşdırılması sahəsində aparılan islahatlarda təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması kimi vacib məsələ mühüm yer tutur. AzMİU-da bu baxımdan aparılan islahatlar xüsusilə diqqətəlayiqdir. Son illər ardıcıl olaraq əməkdaşların maddi vəziyyətinin yaxşılaşdırılmasına rəhbərlik tərəfindən böyük dəstək verilir. Bu günlərdə Universitet kollektivi əməkdaşların maaşlarının 25%-dək artırılması haqqında qərarı böyük sevinclə qarşılayıblar. Bu yenilik Universitetə yüksək ixtisaslı elmi-pedaqoji kadrların cəlb olunmasını stimullaşdırmaqla yanaşı, təhsilin və elmi tədqiqatların yeni səviyyədə təşkil olunmasına böyük imkanlar yaradır.
Universitet şəhərciyinin direktoru, dosent Aqşin Kərimov: - Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, insan amili və onun sosial rifahı dayanır. Ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirilən işlərin miqyası gündən-günə genişlənir və bu tədbirlər özünü daha qabarıq şəkildə, günün tələblərindən irəli gələn forma və məzmunda göstərməyə başlayır. Yaxşı bir haldır ki, əhalinin bütün təbəqələrini əhatə edən sosial islahatlar paketində təhsil işçiləri də xüsusi yer tutur. Bu günlərdə dövlət sifarişi ilə təhsil alanların təhsil xərclərinin miqdarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırıldı, bu da ali məktəb müəllimlərinin maddi-rifah halının yaxşılaşdırılması, əməkhaqlarının artırılması deməkdir. Bizim universitet də bu prosesdən kənarda qalmadı, hətta deyərdim ki, digər ali məktəblərdən də yaxşı mənada fərqləndi. Hörmətli rektorumuz universitet müəllimlərinin və işçilərin maaşını başqalarından daha çox - 25 faiz artırdı. Bu, bizə verilən dəyərdir, diqqət və qayğıdır. Buna görə Gülçöhrə xanıma dərin minnətdarlığımızı bildiririk.
Məsləhətçi-professor Həsən Feyziyev: - Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır, təhsil işçilərinini sosial rifahını yaxşılaşdırmaq üçün mühüm addımlar atılır. Bu da onunla bağlıdır ki, təhsilə çəkilən xərclər ölkənin ahəngdar inkişafı üçün, intellektual cəmiyyət üzvlərinin hazırlanması üçün xüsusi əhəmiyyət kəsb edir. Prezidentin həyata keçirdiyi sosial islahatları təhsil işçisi kimi öz həyatımızda aydın hiss edirik. Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı fərman və sərəncamlarla orta məktəb müəllimlərinin əməkhaqları qaldırılıb, tələbələrin təqaüdləri artırılıb, bu isə təxminən 100 mindən çox tələbənin maliyyə vəziyyətinin yaxşılaşdırılmasını təmin edib. Bu günlərdə dövlət sifarişli yerlərin sayının və dövlət sifarişi ilə oxuyan tələbələrin təhsil xərclərinin artırılması barədə Nazirlər Kabinetinin qərarı ali məktəb müəllimlərinin əməkhaqlarının artırılmasına səbəb oldu. Şübhəsiz ki, bu addım kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin maliyyə imkanlarının yaxşılaşmasına, maddi-texniki bazasının gücləndirilməsinə, bütövlükdə təhsil müəssisələrinin inkişafına müsbət təsir edəcək.
AzMİU-nun Ali riyaziyyat kafedrasinin dosenti Mehralı Əliyev: - Ölkəmizdə son günlər cənab prezident İlham Əliyevin başladığı iqtisadi islahatlar və bu islahatların nəticəsi olaraq ölkəmizin vətəndaşlarının sosial- rifah halının yaxşılaşacağına böyük ümidlər yaradır. Bu böyük əhəmiyyətli işlərə görə ölkə başçımıza minnətdarlığımı bildirirəm. Hər bir sahədə olduğu kimi təhsil sahəsində də ciddi nailiyyətlər müşahidə olunmaqdadır. Hər bir nailiyyətin mərkəzində vətəndaşların, o cümlədən müəllimlərin sosial rifahı durur. Universitetimizin rəhbərliyi, hörmətli rektorumuz Gülçöhrə xanım daima universitet kollektivinin maddi rifah halının yaxşılaşmasının qayğısına qaldığını bu günlərdə bir daha təsdiq etdi. Universitet kollektivinin maddi rifah halını gücləndirmək üçün əmək haqlarını 25%-ə qaldırdı. Bu addım universitet kollektivini daha əzmlə, daha təşəbbüskarlıqla, daha qətiyyətlə təhsilimizin yüksək keyfiyyəti üçün can-dildən işləməyə ruhlandırır.
Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müəllimi Yeganə Kərimli: - Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi islahatların miqyası gündən-günə genişlənir. Dövlətin sosial islahatlar paketində təhsilə də yer verilib. Bu gün müəllim əməyinə böyük dəyər verilir, müəllim nüfuzunu qaldırmaq üçün əməli tədbirlər həyata keçirilir, müəllimlərin əməkhaqları artırılır, onlara fəxri adlar, orden, medallar verilir. Çalışdığım müəssisədə də bu qayğını hiss edirik. Bu günlərdə dəyərli rektorumuz Gülçöhrə xanımın əmri ilə maaşlarımız 25 faiz artırıldı. Təbii ki, bu qərar müəllimlərimizin sosial rifahını yaxşılaşdırmağa çox böyük təsir edəcək. Eyni zamanda bizi daha məsuliyyətlə, əzmkarlıqla çalışmağa, təhsilin keyfiyyətinın artırılması üçün əlimizdən gələni etməyə ruhlandıracaq.
Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının dosenti Əli Quliyev: - Ölkə Prezidenti İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi sosial siyasət kursu ölkə iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, ən əsası, hər bir vətəndaşın həyatında nəzərə çarpacaq irəliləyişlərə səbəb olub. Bu gün dövlət başçısının dərin sosialyönümlü islahatları öz əhatə dairəsini genişləndirməkdə, demək olar ki, həyatımızın bütün sahələrini əhatə etməkdədir. Təhsil sahəsinə göstərilən diqqət və qayğı xüsusi vurğulanmalıdır. Bu günlərdə ölkədə aparılan sosial islahatların tərkib hissəsi olaraq bizim əməkhaqlarımız da artırıldı. Prezidentin tövsiyəsi əsasında dövlət sifarişi ilə təhsil alanların təhsil xərclərinin artırılması ali məktəb rektorlarına əməkdaşlarının maddi-rifahını yaxşılaşdırmaq üçün müsbət qərarlar verməyə yönləndirdi. AzMİU bu sırada öncül oldu və müəllimlərinin əməkhaqqını hamıdan çox artırdı. Dəyərli rektorumuzun bu diqqəti biz müəllimlər üçün həm də stimuldur, yaxşı çalışmaq, yaxşı öyrətmək üçün təkandır, həvəsləndirici addımdır.