Xəzər Xəbər

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın tranzit gəlirlərini artıracaq

İqtisadiyyat | 14:41 • 13 Oktyabr 2019
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın tranzit gəlirlərini artıracaq

Cari ilin əvvəlindən bu günədək İranın Hind okeanı sahilində yerləşən Çabahar limanından 131 milyon 650 min ton yük yola salınıb.


Bunu Çabahar limanının icraçı direktoru Məcid Məzlumi deyib.


O bildirib ki, limandan yola salınan yüklərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artıb. Burada söhbət yalnız İranın ixrac etdiyi yüklərdən deyil, həm də tranzit yüklərdən gedir.


Qeyd edək ki, Çabahar limanı Azərbaycanın da iştirak etdiyi "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas komponentlərindən biridir. Cənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə daşınan yüklər Azərbaycandan tranzit keçməklə məhz bu liman vasitəsilə mənzil başına çatdırılır.


Belə ki, Hindistan, həmçinin Cənub-Şərqi Asiyanın digər ölkələri yükləri Hind okeanı ilə İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Rusiya və Qərbi Avropa ölkələrinə daşıyacaqlar. Deməli, bu limanda yük aşırımı nə qədər çox olsa, Azərbaycanın da tranzit gəlirləri bir o qədər artacaq. Yuxarıda qeyd etdiyimiz kimi, cari ilin ötən dövrü ərzində limanın yük aşırımı 131 milyon 650 min ton təşkil edib. Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsi istifadəyə verildikdən sonra isə Asiyadan Avropaya və əks istiqamətə daşınan yüklərin həcmi sözsüz ki, artacaq.


Hələlik, yolun Qəzvin-Rəşt hissəsi və İran Astarası ilə Azərbaycan Astarasını birləşdirən dəmir yolları istismara verilib. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar