Elektrik enerji mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə Azərbaycandan qonşu İran və Gürcüstan dövlətləri arasında yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilir.
"Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindənAZƏRTAC-a bildirilib ki, Gürcüstan ilə elektrik enerjisi mübadiləsində etibarlılığı artırmaq və daha çox elektrik enerjisi ixrac etmək, o cümlədən Gürcüstandan tranzit Avropa bazarına çıxış imkanlarını daha da artırmaq məqsədiilə 330 kilovoltluq "Ağstafa-Qardabani” hava xətti 44 kilometr məsafədə, 2 dövrəli variantda yenidən qurulur. Layihə üzrə qurulacaq 162 ədəd dayaqdan 124 ədədi artıq quraşdırılıb. Hava xəttinin 10 kilometr hissəsində naqillər və 13 kilometr hissəsində optik kabel asılıb.
Azərbaycan və İran arasında elektrik enerjisi mübadiləsinin texniki imkanlarının artırılmasını təmin edəcək 220 kilovoltluq "Masallı-Astara (İran)” arasında isə yeni elektrik verilişi xətti çəkilir. Eyni zamanda, 260 ədəd dayaq quraşdırılması nəzərdə tutulan və 68 kilometr uzunluqda olacaq hava xəttinin artıq 177 dayağı qurulub, 8,7 kilometr hissəsində naqillər asılıb.
Bundan başqa, Rusiya ilə enerji mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə 330 kilovoltluq "Abşeron-Yaşma-Dərbənd” yeni hava xəttinin çəkilməsi işləri layihələndirilir.
Dövlətlər arasında yeni hava xətlərinin çəkilməsi və ya yenidən qurulması enerji sistemləri arasında əlaqələrin etibarlığını daha da möhkəmlədəcək, xətlərin ötürücülük qabiliyyətini yüksəldəcək və beynəlxalq enerji bazarına çıxış potensialımızı daha da artıracaq.
"Azərenerji” ASC beynəlxalq elektrik verilişi xətləri ilə yanaşı, ölkə daxilində də yüksəkgərginlikli hava xətlərində yenidənqurma işləri həyata keçirir.