Xəzər Xəbər

Bakının Baş Planı üzrə reallaşdırılacaq strateji layihə təkliflərinə dair müzakirələr aparılıb

İqtisadiyyat | 21:53 • 9 Oktyabr 2019
Bakının Baş Planı üzrə reallaşdırılacaq strateji layihə təkliflərinə dair müzakirələr aparılıb

Bakı şəhərinin Baş Planının aparıcı beynəlxalq şəhərsalma şirkətlərinin və yerli qurumların ekspertlərinin iştirakı ilə hazırlanması prosesi planlaşdırılmış vaxt cədvəlinə uyğun olaraq davam etdirilir.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, bu barədə komitənin oktyabrın 9-da keçirilən qurumlararası İşçi Qrupun növbəti - üçüncü iclasında məlumat verilib.


Komitə sədrinin müavini Dövlətxan Dövlətxanov İşçi Qrupun sentyabrın 18-də keçirilmiş iclasında dövlət qurumlarının fəallığını, irəli sürülən təklifləri yüksək qiymətləndirib.


Vurğulayıb ki, ekspertlərin ötən iclasda təqdim etdiyi "Çoxmərkəzli nüvəyə sahib şəhərin formalaşdırılması”, "Əhalinin mobilliyini təmin edəcək ictimai nəqliyyat şəbəkələri” və "Müasir şəhər iqtisadiyyatı” mövzularında ilkin baxışların və müvafiq strateji layihələrin konstruktiv müzakirələrinin nəticələri Baş Planın hazırlanması prosesinə dəyərli töhfəsini verib.


O, aidiyyəti dövlət qurumlarının rəsmilərinin iştirakı ilə İşçi Qrupun iclasları çərçivəsində belə strateji məsələlərin müzakirəsinin böyük əhəmiyyətini qeyd edərək iclasın gündəliyini və müzakirə üçün təqdim olunan yeni mövzuları diqqətə çatdırıb.


Sonra Bakının Baş Planının hazırlanması üzrə komitə tərəfindən keçirilmiş beynəlxalq tenderin qalibi "AS+P” şəhərsalma şirkətinin nümayəndəsi - layihə rəhbəri Frank Höf paytaxtın inkişaf prioritelərinə əsaslanaraq işlənmiş daha bir neçə şəhərsalma baxışları və həlləri ilə bağlı ilkin təklifləri müzakirə üçün təqdim edib. Təqdim olunmuş şəhər planlaması baxışları "Əlverişli mühəndis kommunikasiyaları infrastrukturunun formalaşdırılması”, "Dayanıqlı ekologiyaya malik şəhər”, "Mədəni irsin qorunması və yeni şəhər iqtisadiyyatı” kimi mövzuları əhatə edib.


Daha sonra İşçi Qrupun iclası sözügedən mövzulardan hər biri üzrə ixtisaslaşan təşkilatların nümayəndələrinin iştirakı ilə 3 paralel sessiya formatında davam edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri və komitənin məsləhətçisi olan "BCG” şirkətinin nümayəndələri tərəfindən idarə olunan sessiyalarda hər 3 mövzu üzrə təklif olunmuş baxış və həllərə dair ətraflı müzakirələr aparılıb, aidiyyəti dövlət qurumlarının rəyləri dinlənilib. Eyni zamanda, iclasda təqdim olunmuş və Bakının Baş Planının reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq, şəhərin qısa və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək bəzi strateji layihələrin də müzakirəsi və ilkin qiymətləndirilməsi təşkil olunub.


Qeyd edək ki, İşçi Qrupun ilk iclası cari ilin iyun ayında baş tutub və fəaliyyəti Prezident İlham Əliyevin göstərişi əsasında komitə tərəfindən paytaxtın Baş Planının hazırlanması üzrə davam etdirilən işlərin səmərəliliyinin artırılması, dövlət qurumları arasında bununla bağlı məlumat mübadiləsinin təşkili, şəhərin gələcək inkişafı üçün aparılan genişmiqyaslı planlaşdırma işlərində vahid yanaşmaya uyğun olaraq səylərin birləşdirilməsini əhatə edir. Noyabrda təşkil olunacaq növbəti iclas strateji sessiya formatında keçiriləcək və seçilmiş strateji layihələr portfelinin müzakirəsinə həsr ediləcək.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024