Vergilər Nazirliyi ölkə ərazisində aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların istehsalı və satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Vergilər Nazirliyindən xezerxeber.az-a verilən xəbərə görə, nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə daxil olmuş Ağstafa rayonu, Həsənsu kəndində yerləşən istehsal obyektində kustar üsulla alkoqollu içkilərin hazırlanması, eyni zamanda həmin məhsulların saxta aksiz markaları ilə markalanmaqla vergidən yayınması barədə əməliyyat məlumatları əsasında fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı göstərilən hallar öz təsdiqini tapıb. Müəyyən edilib ki, vergi ödəyicisi 19.08.2024-cü il tarixədək fəaliyyətinin dayandırılması məqsədilə vergi orqanına müraciət etməsinə baxmayaraq, faktiki olaraq fəaliyyət göstərib. Obyektdə 3 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib.
Həmçinin burada kustar üsulla alkoqollu içkilərin hazırlandığı və həmin məhsulların saxta aksiz markaları ilə markalandığı dəqiqləşdirilib. Təsərrüfat subyektində 4955 ədəd saxta aksiz markaları, həmçinin 1036 ədəd hazır məhsulun saxta aksiz markaları ilə markalandığı və satış məqsədilə saxlanıldığı aşkar olunub.
İstehsal müəssisəsində insan sağlamlığı üçün təhlükəli olan "Растворитель 646” adlı həlledici məhlullar da aşkar olunub ki, həmin məhlulların vergi ödəyicisi tərəfindən alkoqollu içkilərin istehsalında istifadə edildiyi faktının araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri araşdırmaya cəlb olunub.
Vergilər Nazirliyi bir daha xatırladır ki, aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək. Vətəndaşlar belə malların satışı faktlarına rast gəldikdə, Vergilər Nazirliyinə müraciət etməlidir. Siz bununla həm özünüzü qorumuş olacaqsınız, həm də dövlət
büdcəsinə vergilərin ödənilməsindən yayınmaların qarşısını almağa xidmət edəcəksiniz.