Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi (RİİB) ölkədə macəra turizminin inkişafı, dağçılıq və ekstremal idman növlərinə marağın artırılması məqsədilə yeni layihənin icrasına başlayıb.
Fonddan verilən xəbərə görə, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Vətənimdə qarış-qarış” layihəsi çərçivəsində macəra turizminə marağı olanların təlimatlandırılması, turizmin bu növü üçün əlverişli regionlarda yeni marşrutların müəyyən edilməsi, turistlərin təhlükəsiz hərəkətinin təmini məqsədilə həmin ərazilərdə istiqamətləndirici nişan və məlumat lövhələrinin yerləşdirilməsi nəzərdə tutulur.
İsmayıllı rayonundan başlayan layihə çərçivəsində Sulut kəndi ərazisindəki Fit dağında yerləşən, XVII-XVIII əsrlərə aid "Buzxana” və "Qırxotaq əfsanəsi” abidələrinin marşrutu üzrə istiqamətləndirici nişan və məlumat lövhələri yerləşdirilib.
Layihə zamanı macəra turizminə marağı olan 30-dan çox gəncin həmin abidələrə yürüşü təşkil edilib. Peşəkar dağçılar yürüşdən əvvəl və yolboyu iştirakçılara dağ idman növləri haqqında, avadanlıqlardan istifadə qaydaları, ilkin tibbi yardım, ekstremal vəziyyətlərə psixoloji hazırlıqla bağlı məlumatlar veriblər.
Layihənin respublikanın digər regionlarında da həyata keçirilməsi nəzərdə tutulur. Hazırda macəra turizmi üçün əlverişli bölgələrdə yeni marşrutların müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.