Sabah OPEC+ ölkələrinin Nazirlər Monitorinq Komitəsi qlobal iqtisadi artımın səngiməsi məsələsini müzakirə edəcək.
"APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.
"Bu (dünya iqtisadiyyatının ləngiməsi – red.), ticarət müharibələrinin, sanksiyaların nəticəsidir. İstərdik ki, bütün bu cür qeyri-müəyyənlik anları minimuma endirilsin. Bazar belə şeylərə çox həssasdır. Bu məsələ sabah müzakirə ediləcək", - deyə nazir qeyd edib.
A. Novak əlavə edib ki, OPEC+ Nazirlər Monitorinq Komitəsi (JMMC) bazarın vəziyyətini qiymətləndirir, istehsalın azaldılması üçün kvotaların dərinləşdirilməsinin məqsədəuyğunluğu məsələsi onun səlahiyyətlərinə aid deyil.
"Biz bu yaxınlarda doqquz ay ərzində birgə hərəkətlərimiz barədə qərar verdik. Monitorinq aparılacaq. Komitənin məqsədi daim yeni təkliflər hazırlamaq deyil, ilk növbədə dünya bazarlarında mövcud vəziyyəti qiymətləndirmək və razılaşmanın necə həyata keçirildiyini görməkdir. Sabah biz məhz bu məsələləri müzakirə edəcəyik”, - deyə A. Novak əlavə edib.
Xatırladaq ki, öncə İraqın neft naziri Tamer əl-Gadban OPEC+ nazirləri monitorinq komitəsi sabah neft hasilatının daha çox azalmasının zəruriliyini müzakirə edə biləcəyini bildirib.
Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib. Nəticədə bu gun Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. "Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.