Xəzər Xəbər

Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

İqtisadiyyat | 11:59 • 15 Fevral 2019
Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

Topdansatış fəaliyyətləri ilə məşğul olan sahibkarların elektron qaimə-faktura tətbiq olunmadan malları təqdim etməsi ciddi qanun pozuntusu sayılır.


Bu barədə Vergilər Nazirliyinin iqtisadi təhlil və ekspertiza departamentinin mikroiqtisadi təhlil idarəsinin direktoru Elşən Hüseynov deyib.


Topdansatış və pərakəndə satış fəaliyyətləri ilə məşğul olan ticarət şəbəkələrində elektron qaimə-fakturaların tətbiqinin müvəqqəti olaraq dayandırılması barədə bəzi elektron media orqanlarında yayılan məlumatların düzgün olmadığını söyləyən E.Hüseynov qeyd edib ki, qanunvericiliyin bu tələbi öz qüvvəsində qalır və malların satışı zamanı sənədləşmənin dayandırılması heç bir halda mümkün deyil: "Nazirlik, həmçinin sahibkarların diqqətinə çatdırır ki, malları qəbul edən fərdi sahibkarların və hüquqi şəxslərin elektron qaimə-faktura tələb etmədən malların qəbulunu həyata keçirməsi qanunla məsuliyyətə səbəb olur”.


O deyib ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir. Elektron qaimə-fakturaların tətbiqi vergi inzibatçılığının sadələşdirilməsinə, vergi nəzarətinin daha səmərəli və əhatəli təşkilinə, vergidən yayınma hallarının azaldılmasına, vergiödəyiciləri üçün kağız sənədləşmə dövriyyəsinin məhdudlaşdırılmasına xidmət edir: "Bu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, elektron qaimə-fakturaların tətbiq dairəsində müəyyən dəqiqləşdirmələr aparılıb. Dəyişikliyə görə, malların elektron qaimə və ya elektron vergi hesab-fakturası verilmədən satılmasına görə malsatan şəxslərə də sanksiya tətbiq ediləcək. Birinci dəfə belə hallara yol verildikdə maliyyə sanksiyalarının məbləği 10 faiz, ikinci dəfə 20 faiz, üç və daha çox yol verildikdə isə 40 faiz məbləğində olacaq”. (AZƏRTAC)

Xəbər lenti