Xəzər Xəbər

Şahmat haqqında nə bilirsiniz?...

İdman | 16:52 • 24 Fevral 2014
Şahmat haqqında nə bilirsiniz?...

Şahmat haqqında müxtəlif rəvayətlər olsa da, bu sirli oyunun ilk dəfə bu eranın 570-ci ilində Hindistanda meydana gəldiyini güman edirlər.

Digər tərəfdən, şahmatla bağlı ilk yazılı sənədlər də Hindistanla bağlıdır. Daha sonra şahmat İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayıldı. Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperatorluğunun da şahmatın inkişafında rolu az olmadı.
Əvvəllər şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini artırdı. Şahmatla bağlı ilk kitabın müəllifi Luçena isə bu kitabda (1497-ci il) şahmatın yeni qaydalarını elan etdi. O vaxtdan indiyə qədər bu qaydalar olduğu kimi qalır.
İspaniyadan sonra İtaliya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları və Rusiyada da şahmat çox sürətlə yayılmağa başladı. 19-cu əsrin sonlarında isə artıq şahmatın ilk “ulduzları” məlum idi: Anderssen, Morfi, Rubinşteyn və Steynits. 1850-ci illərdən başlayaraq, ilk peşəkar turnirlər keçirilməyə başlandı. Nəticədə, 1886-cı ildə o dövrün ən güclü iki şahmatçısı Steynits və Sukertort arasında ilk dünya çempionatı keçirildi. Steynits bu çempionatda 10 qələbə, 5 heç-heçə və 5 məğlubiyyətlə qalib gəldi.
Bəzi sənədlər şahmatın hindistanlı bir alim tərəfindən kəşf olunduğunu göstərir. Alim bu oyunu kəşf etdikdən sonra şaha hədiyyə edir. Şah bu hədiyyədən razı qalır və: “Oyunu bəyəndim, buna görə məndən nə istəyirsən?” - deyə soruşur. Alim: “Bir qədər buğda istəyirəm”, - deyə cavab verir. Sonra isə: “Şahmat taxtasının birinci xanası üçün 1, 2-ci xanası üçün 2, 3-cü xanası üçün 4 və hər sonrakı xana üçün əvvəlkindən iki dəfə çox buğda istəyirəm”, - deyir. Şah onun kimi uca və qüdrətli bir hökmdardan bu qədər az buğda istədiyi üçün alimə qəzəblənir və ona dərs vermək üçün əyanlarına: “Onun dediklərini hesablayın və artıq bir dənə də buğda verməyin”, - deyə tapşırır. Hesablamaya başlayanda ilk xanalar rahat gedir: birinci xanaya bir, ikinci xanaya iki, üçüncü xanaya dörd buğda... Ancaq 10-cu xanaya çatanda 1023 buğda vermək lazım gəlir. Bu isə orta hesabla bir ovuc buğda demək idi. Əyanlar hesabın axıra kimi belə gedəcəyini və alimə ən çoxu bir kisə buğda verəcəklərini düşünürdülər. Çünki 15-ci xanaya cəmi bir kiloqram yarım buğda düşürdü. 25-ci xanaya bir ton yarım buğda düşəndə də əyanlar təəccüblənmədilər. Ancaq 31-ci xanaya çatanda bu işin heç də zarafat olmadığını başa düşdülər. Çünki onların alimə verməli olduqları buğdanin miqdarı 92 ton idi. 49-cu xanaya çatanda şahın verməli olduğu buğdanın miqdarı 24 milyon ton təşkil edirdi. Bu isə orta hesabla bir ölkənin illik buğda istehsalından təqribən 15 dəfə çox idi. 54-cü xanada artıq 771 milyon ton buğda lazım idi. Bu isə bütün dünyada il ərzində istehsal olunan buğdanın 1,5 misli demək idi. Hesablamaların sonunda (yəni 64-cü xanada) alimə veriləcək buğdanın miqdarının bugünkü rəqəmlərlə dünyanın 1500 illik buğda istehsalına bərabər olduğu məlum oldu. Üstəlik, bu qədər buğdanı yetişdirmək üçün dünyadan 64 dəfə böyük bir əraziyə ehtiyac var idi. Beləliklə, şah alimi təbrik etdi və onun elmi qarşısında nə qədər gücsüz olduğunu başa düşdü.

Xəbər lenti

Çox oxunanlar