"Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Ser Aleks Fergüsson yenidən maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Şotlandiyalı mütəxəssis "Footbal Espana"ya açıqlamasında 2009-cu ildə Kriştiano Ronaldonun transferi üçün Madrid "Real"ından 180 milyon avro tələb etmək istədiklərini bildirib.
"Xatırlayıram, həmin vaxt "Mançester Yunayted"in direktoru Devid Qilə dedim ki, Ronaldo üçün "Real"dan 180 milyon avro tələb edək. Lakin bu təklifim ona inandırıcı gəlmədi. Hələ də düşünürəm ki, görəsən "Real"ın prezidenti Florentino Perez 180 milyon avroluq təklifə necə reaksiya verərdi? Mövsümün əvvəlində "Real" Qaret Beyl üçün 100 milyon avro ödədi. Biz də Ronaldonu daha baha qiymətə sata bilərdik. Ancaq yenə də portuqaliyalı futbolçunun transferindən yüksək məbləğdə gəlir əldə etdik".
Qeyd edək ki, Ronaldo 2009-cu ildə "Mançester Yunayted"dən "Real" (Madrid) klubuna transfer edilmişdi.
qol.az