"Qalatasaray" mövsümün sonunda klubdan ayrılacağı iddia edilən Roberto Mançininin əvəzləyicisini tapıb.
Bu, İsveçrə millisinin çalışdırıcısı Ottmar Hitsfelddir. "DÇ-2014"dən sonra yığmadan ayrılacaq almaniyalı mütəxəssislə "Cim-Bom"un koordinatoru Bülent Tulun Almaniyada görüşüb.
İstanbul klubunun təklifinə təəccüblənən 65 yaşlı çalışdırıcı hələlik dünya çempionatını düşündüyünü deyib. Ancaq o, bu turnirdən sonra "Qalatasaray"ın təklifi dəyərləndirə biləcəyini qeyd edib:
"Hazırda klubun baş məşqçisi Mançinidir. Buna görə də təklifi qəbul etməyim düzgün deyil. Dünya çempionatından sonra yenidən danışıqları davam etdirərik" .