Xəzər Xəbər

3 güləşçimiz Avropa Çempionatının finalında!

İdman | 16:13 • 1 Aprel 2014
3 güləşçimiz Avropa Çempionatının finalında!

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, çempionatın ilk günündə 65 və 97 kq sərbəst, 48 və 58 kq qadın güləşçilər mübarizə aparır.

97 kq çəki dərəcəsində yarışan Xetaq Qazyumov 1/8 finalda Belarusdan olan İvan Yankovski ilə üz-üzə gəlib və rəqibini 7:0 hesablı üstünlüklə yenib. 1/4 finalda onun rəqibi Kamil Skazikeviç (Polşa) olub. Güləşçimiz bu rəqibini də 6:2 hesabıyla yenərək yarımfinala yüksəlib. Bu mərhələdə Ukrayna təmsilçisi Pavel Oleynik üzərindəki qələbə (4:0) Qazyumovu finala çıxarıb. Həlledici qarşılaşmada Xetaqın rəqibi rusiyalı Əbdülsalam Qədisov olacaq.

Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) 1/8 finalda rusiyalı Nadejda Fedorova ilə qarşılaşıb. İdmançımız 14:2 hesabıyla üstün olub. 1/4 finalda isə o, Macarıstan təmsilçisi Mersedes Deneşlə qarşılaşıb, 10:0 hesabıyla qələbə qazanıb. Yarımfinalda rumıniyalı Maqdalina Linquraraya da qalib gələn güləşçimiz finala yüksəlib. Rəqib isə ukraynalı Natalya Pulkovska olacaq.

58 kq-da mübarizə aparan İrina Netreba isə mübarizəyə birbaşa 1/4 finaldan qoşulacaq və onun rəqibi bolqarıstanlı Viktoriya Bobeva olub. Netreba 8:4 hesabıyla qalib gələrək yarımfinala çıxıb. İdmançımızı finala vəsiqə uğrunda belaruslu Anastasiya Puçokla mübarizə aparıb və ona da qalib gəlib - 6:1. Finalda Netrebanın rəqibi Valeriya Jolobova (Rusiya) olacaq.

Xəbər lenti

Çox oxunanlar