Xəzər Xəbər

Mirhüseyn Seyidov “İnter”dən çəkinir

İdman | 19:44 • 9 Aprel 2014
Mirhüseyn Seyidov “İnter”dən çəkinir

Topaz Premyer Liqasının 29-cu turunda “Neftçi” “Bakı”nı bir qolla məğlub etdi. Bu görüşdə “flaqman”ın heyətində 90 dəqiqə meydançada olan futbolçulardan biri də Mirhüseyn Seyidov idi. Gənc yarımmüdafiəçi, ümumiyyətlə, son vaxtlar əsas heyətin dəyişilməz simasına çevrilib.

 

“Bakı” ilə derbidən sonra “Zaman-Azərbaycan”ın suallarını cavablandıran 20 yaşlı futbolçu “Baksell Arena”da onlara lazım olan nəticəni əldə etdiklərini bildirdi. “Bakı” ilə oyunların həmişə çətin keçdiyini vurğulayan Mirhüseyn sözlərinə belə davam etdi: “Paytaxt derbisi idi. “Bakı” yaxşı futbolçulardan təşkil edilmiş komandadır. Çətin oyun oldu, mən deməzdim ki, asan qələbə qazandıq. Belə olacağını da bilirdik. Nəticə etibarilə bizə qələbə lazım idi. İlk hissədə epizodlarımız olsa da, qol vura bilmədik. Amma ikinci hissədə istəyimizə nail olduq. Bir qolla qalib gəldik. İndiki məqamda əsas da qələbədir”.

 

Son turlarda baş məşqçi Böyükağa Hacıyevin ən çox güvəndiyi futbolçulardan olan Seyidov öz performansı barədə danışarkən təvazökar fikirlər səsləndirməyə üstünlük verdi: “İndi durub deyə bilmərəm ki, hansı formadayam... Hazır olmağıma hazıram. Amma formada olub-olmadığımı məşqçi desə, daha yaxşı olar. Artıq 7 oyundur ki, əsas heyətdə yer alıram. Allaha şükür ki, bu matçlarda komanda qalib gəlib. Bu oyunlardan 5-i çempionatda olub. Düzü, buna qədər çoxdan idi ki, oynamırdım. İlk görüşlərdə bir az çətin oldu. Amma ümumi götürdükdə onu deyə bilərəm ki, daim oynadıqca “artırırsan”. Hər oyundan sonra matçın təzyiqini hiss etdiyin üçün 90 dəqiqə oynamağa hazır olursan. Son 1-2 turda ola bilər ki, bir az zəif təsir bağışladım. Amma oyun baxımından elə də çətinlik çəkmirəm. Yenə deyirəm, oynadıqca inkişaf edirsən. Ona görə də ardıcıl 5 turda oynamaq üstünlükdür”.

 

”Neftçi” çempionatın 30-cu turunda “Şəfa” stadionunda “İnter”in qonağı olacaq. Qonşu pillələrdə qərarlaşan komandaların duelinin maraqlı alınacağını indidən proqnozlaşdırmaq olar. Bu komandalar cari mövsümdə artıq 5 dəfə üz-üzə gəliblər. Növbəti duel haqda isə Mirhüseyn belə düşünür: “İnter”lə çox prinsipial oyun olacaq. Çünki biz kubokda da onlarla görüşmüşdük. Mən deyərdim ki, çempionatın ən çətin komandalarından biri də elə “İnter”dir. Bu komandanın özünəməxsus taktikası var. Öz oyun üslublarında mübarizədən əl çəkmirlər. Müdafiə futbolu oynadıqları üçün onlara qol vurmaq çətin olur. Hazırda turnir cədvəlində ən yaxın izləyicimiz “İnter”dir. Səfərdə oynasaq belə, avrokuboklara düşmək istəyiriksə, qələbə üçün meydançaya çıxmalıyıq. Bunu bacarsaq, xal fərqini 6-yə çıxaracağıq. Amma bu heç də asan olmayacaq. Oyun gününə kimi hazırlıqlarımız olacaq. Məşqçilər korpusunun müəyyən tapşırıqları olacaq. Çalışacağıq ki, Avrokuboka vəsiqəni sona 3 tur qalana kimi rəsmiləşdirək. Çünki bizim qarşıda kubok oyunlarımız da var”.

 

Xəbər lenti

Çox oxunanlar