"Monako"nun 18 yaşlı hücumçusu Corc İlenikena Fransanın Korbey-Esson şəhərində hücuma məruz qalıb və qarət edilib.
Bu barədə "Le Parisien" nəşri yerli polisə istinadən məlumat verib.
Bildirilir ki, hadisə futbolçu şənlikdən çıxarkən baş verib.
Gənc oyunçu dostu ilə avtomobilinə əyləşərkən silahlı dəstənin hücumuna məruz qalıb. Hücum edənlər futbolçudan bahalı ayaqqabı, "iPhone" və "Volkswagen Golf" avtomobilinin açarlarını götürüblər. Avtomobili oğurladıqdan sonra hücumçular onu divara çırparaq yaxınlıqda tərk ediblər.
Hadisə zamanı futbolçunun özü xəsarət almayıb. Polis cinayəti törədən şəxslərin axtarışını davam etdirir.