“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayıb.
Xezerxeber.az xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yarışda bu gün ilk oyununa çıxıb. Qurban Qurbanovun komandası Londonda “Tottenhem”lə qarşılaşıb.
"Qarabağ"ı aparan avtobusun Londonda tıxaca düşməsi səbəbindən görüş Bakı vaxtı ilə 23:00-da deyil, 23:35-də başlayıb. Matçda İngiltərə klubu 3:0 hesabı ilə qalib gəlib.
1-ci turdan sonra "Qarabağ" turnir cədvəlində "Dinamo" (Kiyev) ilə 34-35-ci yerləri bölüşdürür.
Qeyd edək ki, “Tottenhem” “Qarabağ”a tanış rəqibdir. 2015-ci ildə də bu komandalar iki dəfə qarşılaşıblar. Avroliqanın qrup mərhələsində keçirilən oyunların hər ikisi “Tottenhem”in qələbəsi ilə yekunlaşıb - Londonda 3:1, Bakıda 1:0.
Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda yarışın 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı olanlar isə avrokuboklarda mübarizəni başa vururlar.
23:35. “Tottenhem” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 3:0
Qollar: Brennon Conson, 12 (1:0), Pape Matar Sarr, 53 (2:0), Dominik Solanke, 69 (3:0)
Qeyri-dəqiq penalti zəbəsi: Toral Bayramov, 57
Qırmızı vərəqə: Radu Draquiş, 8 ("Tottenhem")
London, “Tottenhem Hotspur” stadionu
Baş hakim: Villi Delajo, (Fransa)