Xəzər Xəbər

Bakı Formula 1-ə hazırdır FOTOLAR

İdman | 17:45 • 12 Sentyabr 2024
Bakı Formula 1-ə hazırdır

Sentyabrın 13-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri olan Formula 1 Azərbaycan Qran-Prisinə start veriləcək. Ölkəmizdə sayca səkkizinci dəfə təşkil ediləcək yarışın hazırlıqları yekunlaşmaq üzrədir. Azərbaycan ev sahibliyi etdiyi digər beynəlxalq idman yarışları kimi Formula 1-ə də yüksək səviyyədə hazırlaşıb.

Paddok ərazisində tamamlama işləri demək olar ki, başa çatıb. Yarışın keçiriləcəyi bütün yollarda təhlükəsizlik tədbirləri gücləndirilib, tras kimi istifadə olunacaq ərazilər baryerlərlə əhatə olunub. Tribunalar da qonaqları qəbul etmək üçün hazır vəziyyətə gətirilib. Azarkeşlərin yarışı rahatlıqla izləyə bilməsi üçün təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub.

Paytaxtda turistlərin çoxluğu da gözdən yayınmır. Bu, sürət yarışının ötənilkilərlə müqayisədə daha geniş auditoriyaya malik olduğunu göstərir.

Bakı Şəhər Halqasının (BHŞ) Media Əməliyyatları üzrə meneceri Arzu Hüseynova AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan Qran-Prisində iştirak edən azarkeş, turist və media nümayəndələrinin sayı ildən-ilə artmaqdadır: "İnsanların yarışa həddindən artıq maraq göstərməsi Azərbaycanın mötəbər idman tədbirinə yüksək səviyyədə hazırlığı və təşkilatçılığının nəticəsidir. Ölkəmizin tarixi, mədəniyyəti, Bakı Şəhər Halqasının unikallığı, yarış zamanı baş verən gözlənilməz hadisələr Formula 1 fanatlarının diqqətini cəlb edir. Bununla yanaşı, turistlər Bakıdakı xidmət səviyyəsi ilə yaxından tanış olur və hər zaman məmnunluqlarını dilə gətirirlər".

 

 

"2016-cı ildən paytaxtımız Formula 1-ə ev sahibliyi edir. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib. Bu neçə ildə yarışı izləməyə gələn əcnəbi qonaqlar buradakı şəraitdən razı qaldıqlarından və şəhərimiz onlara maraqlı gəldiyindən yenidən ölkəmizə təşrif buyurublar. Təbii ki, turistlər arasında Bakıya ilk dəfə gələnlər də var. Formula 1 həm Azərbaycanın gözəl təbliğinə, həm də ölkəmizin tanınmasına şərait yaradır. Bu yarışı, eyni zamanda, böyük PR tədbiri də adlandırmaq olar", - menecer qeyd edib.

Bu il həmçinin, Azərbaycan Qran-Prisinin bilet satışında da rekord göstərici qeydə alınıb. Qısa zaman kəsiyində bütün tribuna biletləri satılıb.

A.Hüseynovanın sözlərinə görə, 100-dən çox ölkədən bilet alan azarkeşlər var: "Onların arasında ilk "beşlik"də Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya və Hindistan qərarlaşıb. Bununla da belə nəticəyə gəlmək olar ki, Bakı mərhələsinə olan maraq gözləntiləri üstələyib. Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakıdakı yarışın 8 tribunasına “Zəfər” və “Qız Qalası” tribunaları əlavə edilib. Həmçinin, yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb".

 

 

BHŞ rəsmisi Azərbaycan Qran-Prisinin hər zaman öz gözlənilməzliyi ilə sürprizlərə açıq olduğunu söyləyib: "Bildiyiniz kimi, Bakıdakı yarışlarda hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan mərhələsinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər. “Red Bull” komandasının pilotu Serxio Peres ötən il ölkəmizin ev sahibliyi etdiyi Formula 1-də finişə birinci çatmaqla hər il fərqli qalib ənənəsinə son qoyub. Bir sözlə, tilsim 2023-cü ildə qırılıb. Bu il də qalibin kim olacağı hamıya maraqlıdır. Buna sentyabrın 15-də aydınlıq gələcək".

Azərbaycan Qran-Prisində media mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə yerli və əcnəbi media nümayəndələri, eləcə də fotoqraflar üçün hər cür şərait yaradılıb. Məkan özünəməxsusluğu və üstünlüyü ilə seçilir. Burada media nümayəndələrinin yürüşləri izləməsi üçün xüsusi monitorlar quraşdırılıb və fotoqrafların çəkiliş məkanlarına çatdırılması üçün avtomobillər ayrılıb.

Formula 1-də media nümayəndələrinin fəaliyyətinin əhəmiyyətindən bəhs edən menecer deyib ki, bu il Azərbaycan Qran-Prisini 300-ə yaxın beynəlxalq və yerli jurnalist işıqlandıracaq: "Burada daha çox pay xarici jurnalistlərə düşür. Fotoqraf, televiziya və onlayn media jurnalistləri üçün 300-400 nəfərlik heyəti qəbul etmək gücündə olan böyük mərkəz qurulub. Artıq bir neçə gündür beynəlxalq jurnalistlər ölkəmizdədir. Onları Azərbaycanın tarixi ilə tanış edirik. Ötən gün Qobustanda, İçərişəhərdə olub, Azərbaycanın zəngin tarixi və təbiəti ilə tanış olmaq fürsəti əldə ediblər. Həmçinin Palçıq Vulkanları Turizm Kompleksini də ziyarət ediblər".

10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada dünyanın ən məşhur pilotları yarışacaqlar. Yarış Kristal zalında təşkil olunacaq dünya ulduzlarının konsertləri ilə davam edəcək. Sentyabrın 13-də dünyaşöhrətli aktyor və musiqi ulduzu Uill Smit, eyni axşam Cənubi Afrika Respublikasının məşhur DJ-i və prodüseri "Black Coffee" performans nümayiş etdirəcəklər. Sentyabrın 14-də isə dünya musiqisinin parlaq ulduzu DJ Balvin avtoidman həvəskarlarını əyləndirmək üçün səhnəyə çıxacaq. Yarışa sentyabrın 15-də yekun vurulacaq. (azertag)

Xəbər lenti