UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib.
Xezerxeber.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi avrokubok matçına daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqanın III turunda “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib.
“Qarabağ” müraciətini, qarşı tərəfin razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/2025-ci illər mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyununun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq görüşün başqa vaxta keçirilməsi ilə bağlı qərar qəbul edib.
Klubların əvəzedici heyətlərinin oyunu ilə bağlı hər hansı bir dəyişiklik yoxdur.
Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 20-də səfərdə, cavab matçı isə ayın 28-də Bakıda olacaq.