Özümü çox yorğun hiss edirəm. Üç ildir ki, ciddi şəkildə olimpiadaya hazırlaşırdım. Bundan öncə qalib gəldiyim heç bir beynəlxalq turnirdə ürəkdən sevinə bilməmişdim. Çünki ancaq bu yarışa fokuslanmışdım.
Xezerxeber.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
Altmış yeddi kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı olimpiada medalı uğrunda çox əziyyət çəkdiyini bildirib: “Parisə qızıl üçün gəlmişdim. Mənim bu turnirə necə ciddi hazırlaşdığımı hamı görürdü. Yarımfinalda rəqibimə uduzandan sonra ruhdan düşmüşdüm, özümü pis hiss edirdim. Məşqçim Həsən Əliyev mənə motivasiya verdi. Sevinirəm ki, mükafatsız qalmadım. Komanda olaraq çox çalışırdıq. Rəqiblərimin hər birini təhlil etmişdik. Xalça üzərinə inamlı çıxmışdım. Xoşbəxtlikdən olimpiada ab-havasına da qapılmadım. Çünki qapılsaydım, ikiqat həyəcan keçirəcəkdim. Yarımfinalda da bir səhvə yol verdim. Ayaqlarım büdrədi və rəqibimi yerə istədiyim kimi ata bilmədim. Əgər bu səhvə yol verməsəydim, görüşdə üstünlük məndə olacaqdı. Adi bir xətaya görə finalda iştirak hüququnu əldən verdim. Təbii ki, səhvlərimin üzərində işləyəcəyəm. Yarışı medalsız başa vursaydım, nə hala düşəcəyimi təsəvvür belə edə bilmirdim. Çox şükür ki, üçüncü yer uğrunda qarşılaşmada qalib gəldim. Bu görüşdə olimpiada medalının mənim üçün necə vacib olduğunu anladım və fikirləşdim ki, nə olursa-olsun bu medala sahib olacağam”.
H.Cəfərov Ukraynanı təmsil edən azərbaycanlı rəqibi Pərviz Nəsibovla yarımfinal qarşılaşması barədə də danışıb: “Pərvizlə aramızda heç bir problem yoxdur. Rəqibimin kimliyindən asılı olmayaraq ona istər-istəməz xoş münasibət bəsləyə bilmirəm. Həmin an uduzmuşdum. Belə bir situasiyada onunla qucaqlaşa bilməzdim. Çünki kədərli idim. Məğlubiyyətimə görə çox məyus olmuşdum. Ona sadəcə əl uzatdım. Bu xüsusiyyət məndə uşaqlıqdan bəri var. Bütün rəqiblərimlə prinsip aparıram”.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası, Milli Olimpiya Komitəsi və müəllimlərinə verdikləri dəstəyə görə təşəkkür edən 21 yaşlı güləşçi gələcək hədəflərindən də bəhs edib: “Fəndlərimi təkmilləşdirməliyəm. Bir yox, bir neçə fənd üzərində işləməliyəm ki, növbəti yarışlarda daha çox fənd icra edə bilim. Hazırda qarşıdakı hədəfim dünya çempionatında iştirak edib, oradan Vətənə qızıl medalla qayıtmaqdır. Milli komandamızın təmsilçilərinin məğlub olduqlarına görə çox məyusam. Sanki güləşçilərimizin başının üzərində “qara buludlar” var. Açılışı bu medalla etdik. Ümid edirəm ki, davamı gələcək”.
Xatırladaq ki, mübarizəyə 1/8 finaldan başlayan Həsrət Cəfərov ilk görüşündə misirli Mohamed Elsayedə, 1/4 finalda moldovalı Valentin Petiçə qalib gəlib. O, yarımfinalda P.Nəsibova uduzaraq bürünc medala layiq görülüb.
Hazırda Azərbaycanın aktivində 5 medal var. H.Cəfərovdan başqa, cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş medala sahib çıxıblar.