Xəzər Xəbər

Çin Futbol Assosiasiyasının keçmiş rəhbəri ömürlük azadlıqdan məhrum edilib

İdman | 11:10 • 26 Mart 2024
Çin Futbol Assosiasiyasının keçmiş rəhbəri ömürlük azadlıqdan məhrum edilib

Çinin Huanşi şəhər məhkəməsi ölkənin futbol assosiasiyasının keçmiş rəhbəri Çen Suyunu korrupsiya əməllərində təqsirli bilərək ömürlük azadlıqdan məhrum edilməsinə qərar verib.

Məhkəmənin gedişində Çen Suyunun 2010-2023-cü illərdə Çin Futbol Assosiasiyasında müxtəlif vəzifələrdə çalışdığı zaman, o cümlədən Assosiasiyaya rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif tədbirlərin keçirilməsini, sərmayə layihələrinin və tenderlərin icrasını rüşvət müqabilində özünə yaxın şəxslərə və şirkətlərə həvalə etməsi sübuta yetirilib. Bundan başqa, onun yarışların təşkilində ədalətsizliyə yol verdiyi, bəzi komandalara açıq dəstək göstərdiyi, hakimlərin qərarlarına müdaxilə etdiyi, bununla da ölkə futboluna zərər vurduğu müəyyən edilib. Çen Suyun qanunsuz əməllərinin qarşılığında 81 milyon yuan (təxminən 11,42 milyon ABŞ dolları) dəyərində nağd pul və digər formada vəsait alıb.

Məhkəmə sabiq rəhbərin əmlakının müsadirə olunmasına və bütün siyasi hüquqlardan məhrum edilməsinə də qərar verib.

Çinin Hubey vilayətinin başqa bir məhkəməsinin qərarı ilə ölkənin atletika assosiasiyasının sabiq rəhbəri Yu Honçen rüşvətə görə 13 il müddətinə azadlıqdan məhrum edilib. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar