Azərbaycanın MMA döyüşçüsü Xəyal Caniyev muay-tay üzrə superyarımorta çəkidə dünya çempionu olub.
Xezerxeber.az xəbər verir ki, o, Rusiyanın Çelyabinsk şəhərində keçirilən turnirdə ən nüfuzlu WMC versiyası üzrə döyüşdə Asiya çempionu olan iranlı Moctaba Taravatiyə qalib gəlib.
Beş raundun hamısında yaxşı çıxış edən “Halk” ləqəbli idmançı ikinci raundda rəqibini nokdaun vəziyyətinə salıb. Nəticədə hakimlərin yekdil qərarı ilə qələbə Xəyal Caniyevə verilib.
Üç illik fasilədən sonra muay-tay yarışında çıxış edən 30 yaşlı döyüşçü yeni çempionluğunu belə şərh edib: “Muaytay karyeramdakı fasilə, hər halda, özünü hiss etdirdi. Döyüşü vaxtından əvvəl başa vurub tamaşaçıları gözəl qalibiyyət və nokautla sevindirmək istəyirdim. Amma belə qələbəyə də sevinirəm”.
Xatırladaq ki, Xəyal Caniyev bundan əvvəl MMA-da da ardıcıl 3 qələbə qazanıb.