Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün daha dörd oyun keçiriləcək.
Xezerxeber.az xəbər verir ki, G qrupunda ilk oyun 14:00-da İsveçrə və Kamerun milliləri arasında olacaq. Braziliya və Serbiya yığmaları arasında baş tutacaq G qrupunun növbəti oyunu isə 23:00-da start götürəcək.
H qrupunda saat 17:00-da Uruqvay və Cənubi Koreya milli komandaları üz-üzə gələcək. Saat 20:00-da isə qrupun digər bir maraqlı matçı olan Portuqaliya və Qana oyunu baş tutacaq.
Qeyd edək ki, futbol üzrə dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.
Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.
Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.
Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.