Xəzər Xəbər

Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıblar

İdman | 13:26 • 14 Noyabr 2022
Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıblar

Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub.

Yarışın sonuncu – final günündə Azərbaycan milli komandasının 7 boksçusu rinqə çıxıb.

Boksçularımızın hər biri həlledici döyüşü qələbə ilə başa vurub. Finalda Məsud Yusifzadə (51 kq) Yakub Slominskini (Polşa), Ümid Rüstəmov (57 kq) Patrik Adamusu (İrlandiya), Malik Həsənov (63,5 kq) Roman Samueli (Rumıniya), Nəbi İsgəndərov (67 kq) Pavel Suleçkini (Polşa), Murad Allahverdiyev (80 kq) Andrey Çiryasovu (Moldova), Alfonso Dominqes (86 kq) Klemens Şepanyakı (Polşa) və Məhəmməd Abdullayev (+92 kq) Radoslav Kavjakı (Polşa) məğlub edərək çempion tituluna yiyələniblər.

Beləliklə, 16 ölkənin iştirakı ilə təşkil olunan yarışa 13 boksçu ilə yollanan millimiz turniri 7 qızıl və 4 bürünc medalla başa vurub. Yığmamız bu göstərici ilə kişilərin yarışında komanda hesabında birinci olub.

Millimizin aktivinə bürünc medalları isə Ruslan Qədirov (57 kq), Sərxan Əliyev (71 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) yazdırıblar.

Qeyd edək ki, boksçularımız Bakıya bu gün qayıdacaqlar.

Xəbər lenti

Çox oxunanlar