İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində dörddəbir final mərhələsinin döyüşlərinə start verilib. Mərhələnin ilk günündə Azərbaycan millisinin 3 üzvü çıxışını qələbə ilə başa vurub.
Xezerxeber.az Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, Nərmin Əlizadə (48 kq) Mahur Marikyanla (Ermənistan) döyüşüb. Boksçumuz hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 hesabı ilə qalib gələrək M.Marikyanı mübarizədən kənarlaşdırıb. Təmsilçimiz yarımfinalda polşalı Silva Formela ilə üz-üzə gələcək.
Birincilikdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Aynur Mikayılova Byanka Balintin (Almaniya) ardınca Lamprini Giannakopoulounu (Yunanıstan) da məğlub edib. Təmsilçimiz döyüşü 5:0 hesabı ilə aktivinə yazıb. Onun növbəti rəqibi ingiltərəli Katerin Pumfri olacaq.
Emili Rzayeva (70 kq) isə rəqibi Olqa Filipçukun (Ukrayna) döyüşə gəlməməsi səbəbindən yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz növbəti qarşılaşmasında Gül Yılmaz (Türkiyə) ilə gücünü yoxlayacaq.
Yarımfinala vəsiqə qazanan hər 3 boksçumuz özü üçün ən azı bürünc medalı təmin edib. Onlar bu mərhələnin döyüşlərinə oktyabrın 2-də çıxacaqlar.
Millimizin üzvlərindən Qızbəs İsgəndər (54 kq) Ella-Mae Lonsdale (İngiltərə) ilə, Aysu İsmayılova (46 kq) isə Mariya Trifilli (Yunanıstan) ilə döyüşüb. Hər iki görüşdə rəqib mərhələ adlayıb.
Qeyd edək ki, Avropa çempionatında dörddəbir final mərhələsində Azərbaycan yığmasının daha 4 boksçusu rinqə çıxacaq.