Dekabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.
Xezerxeber.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında autsayderlər münasibətlərinə aydınlıq gətirəcəklər. On xalla yeddinci pillədə qərarlaşan “Keşlə” bir xal az toplayaraq sonuncu sırada yer alan “Səbail”i qəbul edəcək. Saat 16:00-da başlayacaq görüşün baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.
Komandalar indiyədək ölkə çempionatında 16 dəfə üz-üzə gəliblər. Bunların 5-də “Keşlə”, 7-də “Səbail” qələbə qazanıb, 4 qarşılaşma heç-heçə başa çatıb. Top nisbəti də “dənizçilər”in xeyrinədir - 18:15. “Keşlə” ardıcıl iki qələbə qazanıb. “Səbail” isə üç oyundur qalib gəlmir.
Günün sonuncu oyunu “Qarabağ” və “Sabah” komandaları arasında olacaq. Hazırda Ağdam klubu 27 xalla turnir cədvəlinə başçılıq edir. On dörd xalı xalı olan paytaxt təmsilçisi isə beşincidir. FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş saat 18:15-də başlayacaq.
Bunadək Premyer Liqada 12 dəfə qarşılaşmış komandaların duelində “Qarabağ” 9 dəfə rəqibini məğlub edib. “Sabah” isə “köhlən atlar”a qalib gələ bilməyib. Üç görüşdə bərabərlik qeydə alınıb. Bölgə klubunun 22 qoluna bakılılar 4 topla cavab veriblər. “Sabah” son 5 matçda xal qazanmayıb.
Tura dekabrın 5-də “Neftçi” – “Sumqayıt” və “Zirə” - “Qəbələ” oyunları ilə yekun vurulacaq.
Qeyd edək ki, on iki turdan sonra turnir cədvəlinə 27 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivlərində 22 xalı olan “Zirə” və “Qəbələ” ikinci və üçüncü yerləri bölüşür. İyirmi xal toplayan “Neftçi” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (14), “Sumqayıt” (11), “Keşlə” (10) və “Səbail” (9) yer alıblar.