Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə start veriləcək.
XəzərXəbər xəbər verir ki, bununla da ölkə çempionatındakı 165 günlük fasilə başa çatacaq.
Yeni mövsümdən çempionat matçlarında koronavirus pandemiyasına görə bəzi məhdudiyyətlər olacaq.
I turun oyunları üç günü əhatə edəcək. İlk gündə iki qarşılaşma keçiriləcək. Premyer Liqanın ilk oyunu Sumqayıtda gerçəkləşəcək. Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Sumqayıt" və "Keşlə" komandaları "Kapital Bank Arena"da üz-üzə gələcək.
Komandalar indiyədək çempionatda 31 dəfə qarşılaşıblar. Bunlardan 15-də qonaqlar, 7-də isə meydan sahibləri 3 xal qazanıb. 9 görüşdə isə heç-heçə qeydə alınıb. Topların fərqində də paytaxt təmsilçisinin üstünlüyü var - 48:31. "Keşlə" Premyer Liqada son üç qarşılaşmada rəqibinə uduzmayıb. Sumqayıtın eyniadlı təmsilçisi isə üç ev görüşündən xalsız ayrılmayıb.
Günün digər qarşılaşması paytaxtda keçiriləcək. 2019/2020 mövsümünün gümüş mükafatçısı "Neftçi" "Səbail"i qəbul edəcək. Komandalar bu vaxta qədər çempionatda 11 dəfə üz-üzə gəliblər. 6-da flaqman, 2-də isə qonaq komanda meydanı 3 xalla tərk edib. Topların fərqində də "Neftçi"nin aşkar üstünlüyü var - 21:8. Komandalar arasındakı son iki Premyer Liqa oyununda heç-heçə qeydə alınıb. Meydan sahibləri öz meydanındakı bütün matçlarda rəqibinə qol vura bilib.
Azərbaycan Premyer Liqası
I tur
21 avqust (cümə)
18:30. "Sumqayıt” – "Keşlə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı
AFFA nümayəndəsi: Elgiz Abbasov
Hakim-inspektor: İmanxan Sultani
"Kapital Bank Arena"
20:30. "Neftçi” – "Səbail”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Babək Quliyev
"Bakcell Arena"
Qeyd edək ki, turun digər matçı avqustun 22-də olacaq. Son çempion "Qarabağ" "Sabah"la görüşəcək. Tura avqustun 23-də "Qəbələ" - "Zirə" dueli ilə yekun vurulacaq.