Xəzər Xəbər

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişdi

İdman | 10:21 • 20 Avqust 2020
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişdi

Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra ölkələrin UEFA reytinqində növbəti dəfə dəyişikliklər olub. 


Yekun nəticələrə əsasən, Azərbaycan ötən günlə müqayisədə iki pillə geriləyib. Ölkə 14,750 xalla 26-cı yerdə qərarlaşıb. 


Buna Norveçin "Molde" və Rumıniyanın ÇFR klublarının qələbə qazanaraq növbəti mərhələyə yüksəlməsi səbəb olub. Onlar müvafiq olaraq Finlandiyanın "KuPS” (5:0) və Maltanın "Floriana” (2:0) komandalarına qalib gəliblər. 


Norveç 14,875 xalla 24-cü, Rumıniya isə 14, 825 xalla 25-ci sıradadır. 


Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu mübarizədən kənarlaşdırıb - 4:0. Ağdam təmsilçisi qələbə sayəsində ölkənin aktivinə 0,375 xal yazdırıb. 


Xatırladaq ki, "Qarabağ" II təsnifat mərhələsində Moldova "Şerif"i ilə üz-üzə gələcək. Bu komandalar arasındakı matç avqustun 26-da saat 20:00 Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Növbəti həftə Azərbaycan təmsilçilərindən "Neftçi", "Sumqayıt" və "Keşlə" Avropa Liqasında mübarizəyə qoşulacaq. 

Xəbər lenti