İrlandiyalı qarışıq üslublu döyüşçü Konor Makqreqor yanvarın 18-də ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçiriləcək UFC 246 turnirində amerikalı Donald Serroneyə qarşı döyüşə görə 3 milyon dollar qazanacaq.
Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, Serronenin 200 min dollar qazanacağına təminat verilir. Əgər bu döyüşdə Serrone qalib gələrsə, daha 200 min dollar qazanacaq.
Makqreqor rusiyalı Həbib Nurmaqomedov ilə döyüşdə uduzandan sonra Serrone ilə görüş onun ilk döyüşü olacaq. 31 yaşlı irlandiyalı qarışıq təknövçülükdə keçirdiyi 25 döyüşün 21-də (o cümlədən 19 dəfə vaxtından əvvəl) qalib gəlib və 4 döyüşdə məğlub olub. UFC çempionu titulunu ilk dəfə 2015-ci ildə qazanmış Makqreqor sonradan bu təşkilatın tarixində ilk dəfə eyni vaxtda iki müxtəlif (yarıyüngül və yüngül) çəki dərəcəsində çempion titulu qazanıb.
Serrone 50 döyüş keçirib. Bu döyüşlərdən 36-da (o cümlədən 10 döyüşdə nokautla) qalib gəlib, 13 dəfə uduzub, bir döyüş baş tutmamış hesab edilib. 36 yaşlı amerikalı 2019-cu il sentyabrın 14-də keçirdiyi axırıncı döyüşdə öz həmvətəni Castin Qetjiyə texniki nokautla məğlub olub.