Xəzər Xəbər

Püşk atıldı: "Qarabağ" - "Neftçi" finalı olmayacaq

İdman | 15:35 • 13 Noyabr 2019
Püşk atıldı:

Bu gün Azərbaycan Kubokunun 2019/20 mövsümünün püşkatma mərasimi gerçəkləşib.


XəzərXəbər-in məlumatına görə, tədbir AFFA-nın inzibati binasında təşkil olunub.

Püşkatmada Premyer Liqada iştirak edən 8 klubla yanaşı, I divizionun 4 komandası - "Zaqatala”, "Kəpəz”, "Ağsu” və "Qaradağ Lökbatan” təmsil olunub.

Komandalar reytinqə əsasən 3 səbətə bölünüb. Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5-8-ci yerlərdə başa vuran "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Bu mərhələ bir matçdan ibarət olacaq və dekabrın 4-də keçiriləcək.

Qaliblər Premyer Liqada ilk 4 yeri tutmuş "Qarabağ", "Neftçi", "Səbail" və "Qəbələ" ilə 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin ilk görüşləri 15-16 dekabrda, cavab matçları 19-20 dekabrda olacaq.

Təsnifat mərhələsi:"Sabah" - "Ağsu", "Zirə" - "Qaradağ Lökbatan", "Sumqayıt - "Zaqatala", "Keşlə" - "Kəpəz".

1/4 final:"Qəbələ" / "Sabah" - "Ağsu" cütünün qalibi ilə, "Səbail" / Zirə" - "Qaradağ Lökbatan"cütünün qalibi ilə, "Neftçi" / "Sumqayıt" - "Zaqatala"cütünün qalibi ilə, "Qarabağ" / "Keşlə" - "Kəpəz"cütünün qalibi ilə.

Püşkə əsasən, "Neftçi" və "Qarabağ" yoluna davam edəcəyi təqdirdə, yarımfinal mərhələsində üz-üzə gələcək.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokunu tarixində ilk dəfə "Qəbələ" qazanıb.

Xəbər lenti