Xəzər Xəbər

“Qarabağ” növbəti transferini reallaşdırıb

İdman | 18:07 • 15 İyul 2019
“Qarabağ” növbəti transferini reallaşdırıb

İyulun 15-də Ağdamın "Qarabağ” futbol klubu yay transfer pəncərəsində daha bir futbolçunu heyətinə cəlb edib.


Xezerxeber.az klubun "Facebook” səhifəsinə istinadla xəbər verir ki, Ağdam təmsilçisi mərakeşli müdafiəçi Faysal Rerras ilə iki illik müqavilə imzalayıb.


İyirmi altı yaşlı futbolçu bundan əvvəl Fransanın üçüncü liqasında çıxış edən "Bezye” klubunda forma geyinib.


Belçikada doğulan futbolçu karyerası ərzində bu ölkənin "Vize”, "Sent-Trüden” və "Mexelen”, eləcə də, "Hart of Midlotian” və "Hibernian” klublarının formasını geyinib. O, Mərakeş yığmasının heyətində bir oyun keçirib.


"Qarabağ” yay fasiləsində braziliyalı sol cinah müdafiəçisi Ailton Silvanı və ispaniyalı hücumçu Xayme Romeronu da heyətinə qatıb.


İyulun 17-də "Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Dalğa Arena”da cavab görüşünə çıxacaq. Ağdamlılar Albaniyanın "Partizani” klubu ilə qarşılaşacaqlar. Həmin görüş 21:00-da başlayacaq.


Xatırladaq ki, Tiranadakı ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

Xəbər lenti

Çox oxunanlar