İspaniya La Liqasında çıxış edən klublar yay "transfer pəncərəsi”nin ilk iki həftəsində 1 milyard 24 milyon avro xərcləyib.
Bu göstərici İspaniya çempionatı tarixinin yeni rekordudur.
Transfer dövrünün bitməsinə 50 gün qalıb ki, bu da rəqəmin daha da böyüyəcəyi anlamına gəlir. Bunadək rekord ötən ilin yayında qeydə alınmışdı. Həmin vaxt komandalar transferlərə 866 milyon avro xərcləmişdi.
Yeni rekordun qeydə alınmasında ən bahalı futbolçuların rolu böyükdür. Yayın 10 ən dəyərli keçidindən altısı La Liqanın payına düşür. Joau Feliş "Atletiko”ya 126, Antuan Qrizmann "Barselona”ya 120, Eden Azar "Real”a 100, Frenki de Yonq "Barselona”ya 75, Eder Militao "Real”a 50 milyon avroya başa gəlib. (APA)