İyulun 11-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində paytaxtın "Neftçi" komandası səfərdə Moldovanın "Speranta" klubu ilə qarşılaşıb.
Xezerxeber.az xəbər verir ki, "Zimbru" stadionunda keçirilən oyun paytaxt komandasının 3:0 hesablı qalibiyyəti ilə başa çatıb.
İlk dəqiqələrdən irəli atılan "ağ-qaralar" rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Nəhayət matçın 16-cı dəqiqəsində "Neftçi" hesabı açıb. Rauf Əliyevə qarşı kobud oyuna görə meydan sahiblərinin qapısına penalti zərbəsi təyin olunub. Emin Mahmudov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib - 1:0. Bu epizodda Moldova təmsilçisinin heyətində İçaka Tiehi sarı vərəqə ilə cəzalandırılıb. İyirmi doqquzuncu dəqiqədə Dario Frederikonun zərbəsindən sonra top qapı tirinə dəyərək meydana geri qayıdıb. Flaqmanın üstünlüyü ilə keçən oyunun 36-cı dəqiqəsində Dario Frederikonun ötürməsindən sonra Stiven-Jozef Monroz hesab arasındakı fərqi iki topa çatdırıb. İlk hissə "Neftçi"nin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissənin 50-ci dəqiqəsində Stiven-Jozef Monrozun zərbəsindən sonra top qapıdan aralı keçib. Bundan dörd dəqiqə sonra Emin Mahmudovun uzaq məsafədən zərbəsi qüvvətli alınsada, dəqiq olmayıb. 76-cı dəqiqədə meydana daxil olan Rəhman Hacıyev künc zərbəsi yaxınlığından gözəl qola imza atıb – 3:0. Beləliklə, komandamız avrokuboklarda debüt edən rəqiblə ilk görüşdə böyük hesablı qələbə qazanıb.
Komandalar arasındakı cavab matçı iyulun 18-də "Bakcell Arena"da olacaq. Görüş saat 21:00-da başlanacaq.
Roberto Bordinin yetirmələri bu mərhələni keçəcəyi təqdirdə Rusiyanın "Arsenal" (Tula) komandası ilə qarşılaşacaq.