Xəzər Xəbər

Messi İspaniya Kral Kuboku uğrunda turnirlərdə ən çox qol vuran altıncı futbolçudur

İdman | 14:42 • 31 Yanvar 2019
Messi İspaniya Kral Kuboku uğrunda turnirlərdə ən çox qol vuran altıncı futbolçudur

"Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messinin ötən gün Kral Kuboku uğrunda turnirin dörddəbir final mərhələsində "Sevilya” ilə oyunun 90-cı dəqiqəsində vurduğu top onun bu yarışda 50-ci qolu olub.


L.Messi bu qol sayəsində "Real Madrid”in əfsanəvi hücumçusu, macarıstanlı Ferents Puşkaşı (49) və "Barselona”nın sabiq hücumçusu Ladislav Kubalanı (49) qabaqlayıb. Argentinalı hücumçu bu qol sayəsində İspaniya kral kubokunun tarixində ən çox fərqlənən futbolçuların siyahısında altıncı pilləyə yüksəlib.


İspaniya Kral Kubokunda məhsuldarlığa görə birinci yerdə "Atletik Bilbao” klubunun sabiq hücumçusu Telmo Zarra qərarlaşıb. O, 81 qolla bu siyahıya başçılıq edir. İkinci yerdə sabiq futbolçu Xosep Samiter (70 qol) yer alıb. X.Samiter bu qolların 65-ni "Barselona”nın, 5-ni isə "Real Madrid”in heyətində vurub. İlk üçlüyü 62 qolla yarımmüdafiəçi Gilermo Qorostisa tamamlayıb. Hər üç futbolçu İspaniya millisinin heyətində də çıxış edib.

Xəbər lenti