"Qalatasaray" Super Liqanın bombardiri Mbaye Diagnedən sonra heyətinə daha bir hücumçu qatıb.
Bu barədə klub rəsmi açıqlama yayıb. Bildirilib ki, Kostas Mitroğlunun transferi üçün Fransanın "Marsel" klubu ilə danışıqlar başlayıb.
Türk klubları bu tip açıqlamaları əsasən transfer danışıqları yekunlaşanda yayır. Mitroğlu bu sabah İstanbula gəlib. Onunla yaxın saatlarda müqavilə imzalanacaq.
Türkiyə mediasının məlumatına görə, yunan futbolçu 1,5 illik icarəyə götürülüb. Onun illik maaşı 3,5 milyon avro olacaq.
Qeyd edək ki, Mitroğlu "Marsel"ə 2017-ci ilin yayında "Benfika"dan 15 milyon avroya transfer olunub. 30 yaşlı hücumçu cari mövsümdə oynadığı 19 oyunda 3 qol vurub. O, əvvəllər "Benfika" və "Marsel"dən başqa Almaniyanın "Borussiya" (Münhenqladbax), Yunanıstanın "Olimpiakos", "Panionios", "Atromitos" və İngiltərənin "Fulhem" klublarında oynayıb. 2009-cu ildən Yunanıstan millisinə dəvət alan forvard 65 oyund 17 qol vurub.