Xəzər Xəbər

II Avropa Oyunları 120-dən çox ölkədə canlı yayımlanacaq

İdman | 14:32 • 29 Yanvar 2019
II Avropa Oyunları 120-dən çox ölkədə canlı yayımlanacaq

II Avropa Oyunlarına 143 gündən sonra start veriləcək. Yarışları stadionlarda izləmək üçün Minskə gələ bilməyən idman həvəskarları Oyunlara 120-dən çox ölkədə canlı yayım vasitəsilə baxa biləcəklər.


AZƏRTAC "Minsk-2019” saytına istinadla xəbər verir ki, yerli yayım şirkəti ISB Avropanın aparıcı yayım şirkətləri ilə Oyunların 106 ərazidə translyasiyasına dair razılaşmalar əldə edib. Televiziya translyasiyalarının auditoriyası Afrikadan Yeni Zelandiyaya qədər ərazi də daxil olmaqla bütün dünyada 500 milyondan çox tamaşaçını əhatə edəcək.


Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç deyib: "Bu, Avropa Oyunlarının uğurlu və yaddaqalan olmasına kömək etmək baxımından əla xəbər olmaqla yanaşı, həm də daha böyük tamaşaçı auditoriyasına layiq olan idmançılar üçün də vacibdir. Biz bu yay həm şəxsən, həm də geniş yayım şəbəkəsi vasitəsilə bütün dünyanı Minskdən salamlamağı səbirsizliklə gözləyirik”.


ISB-nin II Avropa Oyunlarında aparacağı yayımın həcmi təxminən 500 saatdır. Yayım şirkəti on yarış günü müddətində yarışların birbaşa translyasiyasını aparacaq, habelə əsas məqamların icmalını təqdim edəcək. Şirkət, həmçinin nəhəng idman hadisəsi olacaq II Avropa Oyunlarının açılış və bağlanış mərasimlərini canlı yayımla təqdim edəcək. Bu şirkət bütün dünyada idman yayımlarının innovasiyaları ilə tanınır. Əsası 1996-cı ildə Manolo Romero tərəfindən qoyulmuş şirkət bir çox iri idman yarışlarının, o cümlədən yeddi Olimpiya oyunları, altı Paraolimpiya oyunları, çoxsaylı dünya çempionatları və kubokları, habelə Panamerika Oyunları kimi qitə yarışlarını translyasiya edən aparıcı yayım quruluşudur. "Biz bugünədək əldə olunmuş razılaşmalardan çox məmnunuq və tezliklə daha bir neçə kontraktı elan etməyə ümid edirik. Son məqsədimiz 120-dən çox yayım şirkəti ilə razılaşma əldə etməkdir və əminəm ki, biz buna nail ola biləcəyik”, -deyə Romero bəyan edib.


II Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə yarışlar keçiriləcək. 8 idman növü üzrə yarışlar 2020-ci ildə Tokioda (Yaponiya) keçiriləcək Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Minskdə multiidman forumunda badminton, boks, baydarka və kanoedə avarçəkmə və cüdo yarışları Avropa çempionatları statusuna malik olacaq. Yarışlar 12 idman obyektində, o cümlədən "Dinamo” milli olimpiya stadionu, "Minsk-arena”, "Çijovka-arena”, İdman sarayı kimi ən iri obyektlərdə keçiriləcək. Dünyanın 50 ölkəsini təmsil edən 4 mindən çox idmançı 199 mükafat dəsti uğrunda mübarizə aparacaq.


Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda keçirilmiş I Avropa Oyunlarında bizim yığmamız medalların sayına görə ikinci yeri tutub.

Xəbər lenti

Çox oxunanlar