Yanvarın 27-də Bakı vaxtı ilə saat 12:30-da kişilər arasında "Australian Open-2019” turnirinin final oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, görüşdə ATP-ın reytinqində ilk iki yeri tutan tennisçi serbiyalı Novak Cokoviç və ispaniyalı Rafael Nadal qarşılaşacaq. Xatırladaq ki, Cokoviç reytinqin birinci, Nadal isə ikinci pilləsində qərarlaşıb.
Serbiyalı tennisçi "Böyük dəbilqə” seriyası turnirlərində 13 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub. O, "Australian Open” turnirinin beşqat qalibidir.
Rafael Nadal "Böyük dəbilqə” seriyası turnirlərində 15 dəfə qalib gəlib. O, "Australian Open” turnirini bir dəfə - 2009-cu ildə qazanıb.
Qeyd edək ki, "Australian Open” "Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.