Xəzər Xəbər

“Qalatasaray” xal fərqini azaldıb

İdman | 09:41 • 27 Yanvar 2019
“Qalatasaray” xal fərqini azaldıb

Yanvarın 26-da futbol üzrə Türkiyə Superliqasının XIX turunda turnir cədvəlində ikinci pillədə qərarlaşan "Qalatasaray” komandası səfərdə "Göztəpə” ilə qarşılaşıb.


Xezerxeber.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda İstanbul komandası rəqibinə 1:0 hesabı ilə qalib gəlib.


Oyunda yeganə topu "Qalatasaray”ın braziliyalı müdafiəçisi Marianonun ötürməsindən sonra komandanın hücumçusu Sinan Gümüş 72-ci dəqiqədə rəqib qapısından keçirib - 1:0. Bu, onun cari çempionatda vurduğu dördüncü qolu olub. Meydan sahiblərinin heyətində 57-ci dəqiqədə Celso Borges penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.


Bu qalibiyyət sayəsində baş məşqçi Fatih Terimin yetirmələri xallarının sayını 35-ə yüksəldib və turnir cədvəlindəki ikinci pillədəki mövqeyini möhkəmləndirib. İstanbul təmsilçisi lider "Başakşəhər”lə arasındakı xal fərqini üçədək azaldıb.


Qeyd edək ki, bu gün oynanılan "Kayserispor”-"Bursaspor” matçında qalib müəyyənləşməyib - 1:1.


Xatırladaq ki, yanvarın 25-də "Ərzurumspor”la heç-heçə edən İstanbulun "Beşiktaş” komandası da çempionatda xal itirib - 1:1.


Türkiyə çempionatında 38 xalla "Başakşəhər” komandası hazırda vahid liderdir. Hesabında 35 xalı olan "Qalatasaray” ikinci, 32 xala malik "Yeni Malatyaspor” turnir cədvəlində üçüncü yeri tutur.

Xəbər lenti