"Onların sağ qalmaları üçün heç bir ümid yoxdur".
Fransanın "Nant” klubundan İngiltərənin "Kardiff Siti" klubuna transfer olan Emiliano Salanı Britaniya aparan təyyarənin La Manş boğazında yoxa çıxması futbol dünyasını sarsıtdı.
Axtarışları aparan Qernzi adasının polis bölməsi "twitter” səhifəsində son məlumat yayıb: "Biz bütün mümkün məlumatları təhlil etmişik. Axtarışları dayandırmaq çox çətin qərar idi. Axtarış sahəsi 1.700 kvadrat mil təşkil edib. Araşdırmaya 3 təyyarə, 5 vertolyot, 2 xilasetmə gəmisi və digər gəmilər, həmçinin balıqçı gəmiləri də cəlb edilmişdi".
Emiliano Salanın bacısı Romina Sala Kardiff şəhərinə gəlib və hadisələrin gedişiylə yaxından tanış olur. O, axtarışların dayandırılmamasını xahiş edib: "Emiliano bir döyüşçüdür, onun hələ həyatda olduğunu bilirəm. Xahiş edirəm, axtarışları dayandırmayın".
"Daily Mail"in məlumatına görə, Premyer Liqada həftəsonu reallaşacaq oyunlardan öncə Sala və pilot Deyv İbotssona hörmət olaraq, bir dəqiqəlik sükut olacaq.
Axtarışlara cavabdeh şəxs olan Con Fitsqerald BBC kanalına açıqlamasında onların yaşamasın möcüzədən uzaq olduğunu dilə gətirib: "Nə qədər ümidli yanaşsaq da, suya düşən insanların üç gün orada yaşaya bilməyəcəyini bilirik. Təəssüf ki, şəxsən mən ümid etmirəm. Sağ qalmaları üçün heç bir ümid yoxdur. Özü də ilin bu vaxtı suda olmaq dəhşətlidir".
Qeyd edək ki, "Kardiff Siti" argentinalı hücumçunu 22,5 milyon avro qarşılığında "Nant"dan transfer edib. 28 yaşlı forvard klubla rəsmi müqavilə bağladıqdan sonra Fransaya bəzi işlərini həll etmək üçün qayıdıb. O, özəl təyyarə ilə geri dönərkən La Manş boğazında radardan itib.(qafqazinfo.az)