Sentyabrın 15-də İngiltərə Premyer Liqasında 5-ci turun növbəti oyunları keçirilib.
Xezerxeber.az xəbər verir ki, "Etihad” stadionunda keçirilən oyunda son çempion "Mançester Siti” doğma meydanda "Fulhem” klubunu qəbul edib. Oyunda hesab erkən qolla açılıb. Müdafiəçilərin cərimə meydançasında kobud səhvini gənc hücumçu Leroy Sane bağışlamayıb. Qoldan iyirmi dəqiqə sonra "şəhərli”lər hesab arasındakı fərqi iki topa çatdırıblar. David Silva adını tabloya yazdırıb. Birinci hissə "Mançester Siti”nin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Fasilədən dərhal sonra meydan sahibləri "Fulhem” klubunu yenidən meydanın mərkəzinə dəvət ediblər. Bu dəfə Kun Aguyeranın cinah ötürməsini Rəhim Sterlinq asanlıqla qapıdan keçirib. Qalan dəqiqələrdə hər iki komandanın səylərinə baxmayaraq, hesab dəyişməyib.
Günün digər oyununda "Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Arsenal” "Nyukasl” komandası ilə qarşılaşıb. Görüş London təmsilçilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yunay Emerinin yetirmələrinin heyətində qarşılaşmanın 49-cu dəqiqəsində Qranit Caka və 58-ci dəqiqədə Məsut Özil fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə 90-cı dəqiqədə Ciran Krark vurub.
"Çelsi” klubu Eden Hazardın "xet-trik”ı və Vilyamın qolları sayəsində "Kardif” komandasını 4:1 hesabı ilə məğlub edib. "Kardif” klubunun heyətində isə Sol Bamba fərqlənib.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
"Bormunt” – "Lester Siti” – 4:2
"Haddersfild” – "Kristal Palas” – 0:1
Qeyd edək ki, beşinci turdan sonra turnir cədvəlinə hərəyə 15 xal toplayan "Çelsi” və "Liverpul” klubları başçılıq edir. Aktivində 13 xal olan "Mançester Siti” klubu üçüncü yerdə qərarlaşıb.