Azərbaycanda ildırım vurması nəticəsində 3 nəfər həyatını itirib, 1 nəfər ağır xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisələr Tovuz, Şəmkir və Gəncədə dünən baş verib.
Tovuzda 14 yaşlı yeniyetməni ildırım vuraraq öldürüb. Rayonun Ağdam kənd sakini 2010-cu il təvəllüdlü Səbuhi Abdullayev düzənlik ərazidə mal-qara otaran zaman onu ildırım vurub. Yeniyetmə hadisə yerində ölüb.
Şəmkirdə isə 61 yaşlı kişini ildırım vuraraq öldürüb. Hadisə rayonun Yeni Həyat kəndində baş verib. Kənd sakini olan 1963-cü il təvəllüdlü Züriyyət Musayevi evinin yaxınlığında ildırım vurub. O, aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Şəmkirdə daha bir bədbəxt hadisə Zəyəm qəsəbəsində qeydə alınıb. Əkin sahəsində işləyən Diləfrüz Qurbanovanı ildırım vurub.
O, hadisə yerində ölüb. Oxşar hadisə Gəncədə də qeydə alınıb. Burada 24 yaşlı gənci ildırım vuraraq ağır xəsarət yetirib.
Bütün faktlarla bağlı araşdırmalar aparılır.