Xəzər Xəbər

Dövlət və hökumət başçılarının ölümü ilə nəticələnmiş helikopter və təyyarə qəzaları

Hadisə | 14:38 • 20 May 2024
Dövlət və hökumət başçılarının ölümü ilə nəticələnmiş helikopter və təyyarə qəzaları

Tarix boyu dövlət və hökumət başçılarının iştirak etdiyi xeyli sayda helikopter və təyyarə qəzaları baş verib. Onlardan bəziləri rəhbər şəxslərin ölümü ilə nəticələnib.

Xezerxeber.az "Anadolu" agentliyinə istinadla bu qəbildən olan qəzalar barədə məlumatları diqqətə çatdırır.

1936-cı il dekabrın 9-da İsveçin Baş naziri Arvid Lindmanın təyyarəsi havaya qalxandan dərhal sonra sıx duman səbəbindən Kroydon hava limanı yaxınlığındakı evlərə çırpılıb. Nəticədə Baş nazir həlak olub.

7 sentyabr 1940-cı ildə Paraqvay Prezidenti marşal Xose Feliks Estiqarribia təyyarə qəzasında ölüb.

16 iyun 1958-ci ildə Braziliyanın müvəqqəti prezidenti Nereu Ramos, 1959-cu il 29 martın 29-da Mərkəzi Afrika Respublikasının prezidenti təyyarələrinin qəzaya uğraması nəticəsində həlak olublar.

1961-ci il sentyabrın 18-də BMT-nin o vaxtkı Baş katibi Daq Hammarskjoldun təyyarəsi indiki Zambiyada qəzaya uğrayıb. Qəza nəticəsində 16 nəfər, o cümlədən Hammarskjold həlak olub.

13 aprel 1966-cı ildə İraq Prezidenti Əbdül Salam Arif, 27 aprel 1969-cu ildə Boliviya Prezidenti Rene Barrientos helikopter qəzası nəticəsində ölüb.

1977-ci il yanvarın 18-də Yuqoslaviyanın Baş naziri Dzemal Bijediçin təyyarəsi Bosniya və Herseqovinanın Kresevo şəhəri yaxınlığındakı İnac dağına çırpılııb. Qəza nəticəsində Bijediç, onun həyat yoldaşı və daha 6 nəfər həlak olub.

27 may 1979-cu ildə Mavritaniyanın Baş naziri Əhməd Uld Bouceifin təyyarəsi Dakar sahillərində qəzaya uğrayıb. Bouceif qəza nəticəsində həyatını itirib.

4 dekabr 1980-ci ildə Portuqaliyanın Baş naziri Fransisko Sa Karneyro və müdafiə naziri Adelino Amaro da Kostanın təyyarəsi havaya qalxdıqdan dərhal sonra paytaxt Lissabon yaxınlığında yerə çırpılıb. Qəza nəticəsində onların hər ikisi həlak olub.

1981-ci il mayın 24-də Ekvador Prezidenti Xayme Roldos Aqilera və müdafiə naziri general-mayor Marko Subia Martinez göyərtəsində olduqları təyyarənin Peru sərhədi yaxınlığında qəzaya uğraması nəticəsində həlak olublar.

31 iyul 1981-ci ildə Panama prezidenti Ömər Torrixos idarə etdiyi kiçik təyyarənin meşəyə düşməsi nəticəsində həlak olub.

19 oktyabr 1986-cı ildə göyərtəsində Mozambik prezidenti Samora Macelin və bir neçə nazirinin olduğu təyyarə Mozambik-Cənubi Afrika Respublikası sərhədi yaxınlığında qəzaya uğrayıb. Macel, bəzi nazirlər və Mozambik hökumətinin yüksək rütbəli məmurları da daxil olmaqla 33 nəfər ölüb.

1 iyun 1987-ci ildə Livanın Baş naziri Rəşid Karami göyərtəsində olduğu helikopterdə bomba partlaması nəticəsində həyatını itirib. Onun oturacağının arxasına qoyulan, uzaqdan idarə olunan bomba havaya qalxdıqdan az sonra partladılıb. Qəza nəticəsində yalnız Kərəmi həlak olub.

1988-ci il avqustun 17-də Pakistan Prezidenti Ziya-ül-Haq, beş general və ABŞ səfiri Arnold Lyuis Rafelin olduğu C-130 hərbi təyyarəsi paytaxt İslamabaddan təxminən 530 kilometr cənubda qəzaya uğrayıb. Müstəntiqlər sağ qalanların olmadığı qəzanın təxribat olduğunu bildiriblər.

6 aprel 1994-cü ildə Kiqali hava limanı yaxınlığında Burundi Prezidenti Kiprien Ntaryamira və Ruanda Prezidenti Juvenal Habyarimananın olduğu təyyarə atəşə tutulub. Qəzadan sağ qurtaran olmayıb.

26 fevral 2004-cü ildə Makedoniya prezidenti Boris Traykovskini və onu müşayiət edən nümayəndə heyətini aparan təyyarə Bosniya və Herseqovinanın Mostar şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində Traykovski və onun müşavirləri də daxil olmaqla 8 nəfər həyatını itirib. Qəzanı araşdırmaq üçün yaradılmış beynəlxalq komissiya iki illik araşdırmadan sonra ictimaiyyətlə paylaşdığı hesabatda təyyarənin qəzaya uğramasının “pilot səhvi” nəticəsində baş verdiyini açıqlayıb.

10 aprel 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski və həyat yoldaşı da daxil olmaqla 96 nəfəri daşıyan TU-154 təyyarəsi eniş zamanı meşəlik əraziyə düşüb. Təyyarədə olanların hamısı həlak olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar