Berlində mayın 1-nə keçən gecə baş verən iğtişaşlar zamanı “Amazon” kompaniyasına məxsus 16 avtomobil yandırılıb.
Xezerxeber.az “Bild” qəzetinə istinadla xəbər verir ki, alovla mübarizəyə 28 yanğınsöndürən briqada cəlb olunsa da, avtomobilləri xilas etmək mümkün olmayıb. İlkin ehtimallara görə, yanğın qəsdən törədilib. Şahidlər avtomobillərin yanında bir neçə maskalı şəxs gördüklərini iddia edirlər.
Aprelin 30-dan mayın 1-nə keçən gecə Berlində solçuların “Gecəni geri qaytarın” şüarı altında nümayişi keçirilib. Aksiyada iştirak edən 3 minə yaxın insan polisə yumurta, pirotexniki vasitələr və daşlar atılıb. Solçu nümayişlər Hamburq və Leypsiq şəhərlərində də keçirilib.
Mayın 1-də Berlində 20-yə yaxın nümayişin keçiriləcəyi gözlənilir. Aksiyalar zamanı təhlükəsizliyi 5,5 minə yaxın polis təmin edəcək.
Qeyd edək ki, hər il mayın 1-də Berlində keçirilən aksiyalar zamanı solçularla polis arasında toqquşmalar baş verir. Şəhərdə ən kütləvi iğtişaşlar 1987-ci ildə baş verib.